Sosial şəbəkələr jurnalistikaya qarşı: KİM QALİB GƏLƏCƏK?
TƏHLİL - PROQNOZ

Heç bir dövrdə ictimai şüur bu qədər genişmiqyaslı və eyni vaxtda yönəldilən təsirə məruz qalmamışdı. Sosial şəbəkələr, vaxtilə ünsiyyət imkanlarını artırmaq üçün yaradılmış texnoloji alətlər, bu gün informasiya məkanının əsas hakimlərinə çevrilib. Xəbər mənbələrini müəyyən edən, gündəmi diktə edən, kütləvi şüurun idarə olunmasında istifadə edilən bu platformalar, klassik jurnalistikanı faktiki olaraq kənara sıxışdırıb. Ortada isə yeni bir rəqabət forması yaranıb - peşəkar medianın faktlara əsaslanan iş prinsipi ilə, istifadəçi kontentinin xaotik və nəzarətsiz seli arasında. Bu mübarizənin əsl məğzi sadəcə nüfuz savaşı deyil - söhbət ictimai məkanın sağlamlığından gedir.

…2000-ci illərin əvvəllərində ilk sosial şəbəkələr yarananda heç kimin ağlına gəlməzdi ki, bir gün bu platformalar dünya mediasının sütunlarını sarsıdacaq. Amma bu gün vəziyyət tamam fərqlidir: dünyanın müxtəlif bölgələrində, xüsusilə də gənc nəsil üçün əsas xəbər mənbəyi artıq TikTok, YouTube, Instagram və onların lokal versiyalarıdır. Reuters İnstitutunun 2024-cü il hesabatına əsasən, respondentlərin cəmi 24 faizi ənənəvi xəbər təşkilatlarına etibar etdiyini deyir. Üstəlik, 60 faizdən çox istifadəçi artıq informasiya müəlliflərini belə tanımır, bu da məsuliyyət anlayışını kökündən sıradan çıxarır.

Jurnalist, redaktor, nəşriyyat - bunlar hər biri etik normalar, hüquqi tənzimləmələr və peşə kodekslərinə tabe olan institutlardır. Amma bloger, strimer və ya Telegram fenomenləri qarşısında heç bir məsuliyyət yoxdur - onları yönləndirən yalnız şəxsi maraq və “algoritmik görünürlük” uğrunda mübarizədir.

2025-ci ilin mənzərəsi: bilik legitimliyinin yenidən formatlanması

Sosial şəbəkələr artıq fikir mübadiləsi meydanı deyil - bunlar indi “algoritmik həqiqət” istehsal edilən arenalardır. Burada doğru və yanlışın fərqi yox, paylaşımların nə qədər viral yayıldığı vacibdir. Bu anlayışın artıq qeyri-rəsmi adı da var: “truth by virality” - yəni “viral olan, doğrudur”.

Bu mexanizmin işləmə prinsipi sadədir: əgər kontent çox paylaşılırsa, o, avtomatik olaraq daha inandırıcı sayılır. TikTok, X (Twitter), YouTube, Instagram və Telegram kimi platformalar 2025-ci ilə qədər bütünlüklə “cəlbetmə” metriklərinə keçib. Başqa sözlə, faktlara əsaslanan, balanslı, obyektiv kontent yox - emosional, aqressiv, diqqətçəkici və çox zaman saxta məlumatlar önə çəkilir.

Misal: TikTok və anti-vaksin isteriyası

2025-ci ilin birinci rübündə Digital Hate-ə qarşı Mübarizə Mərkəzinin hesabatına görə, #vaccinehoax həştəqi ilə paylaşılan videolar TikTok-da 2,3 milyard baxış toplayıb. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesablarındakı maarifləndirici materiallar cəmi 7 milyon baxış alıb. Bu, keyfiyyətli informasiya ilə onun görünürlüğü arasındakı dərin uçurumu açıq şəkildə göstərir.

Faktla fikrin sərhədi itir

Peşəkar jurnalistika - mənbələrin yoxlanması, balanslı yanaşma, sübutlara söykənən təhlillə - artıq blogerlərlə və sosial media “aktyorları” ilə ayaqlaşa bilmir. Analitik bir mütəxəssis Qırmızı dənizdəki gərginliklə bağlı material üzərində bir həftə işləyib peyk görüntüləri, rəsmi açıqlamalar, kəşfiyyat məlumatları əsasında məqalə hazırlayır. Amma sosial şəbəkədə “ABŞ İrana bomba atdı - III Dünya Müharibəsi başladı” kimi başlıqla yayılan saxta video yüz dəfələrlə artıq baxış və paylaşım qazanır. Və bu artıq nəzəri ehtimal deyil - reallıqdır.

2025-ci ilin aprelində İndoneziyalı TikTok blogeri, arxivdən götürülmüş ABŞ-ın İraq müharibəsi zamanı apardığı bombardmanları təhrif edərək, guya bu, Bəndər-Abbasa hücumdur deyə təqdim edir. Cəmi 24 saat ərzində bu video 4,6 milyon baxış yığır. İndoneziya Müdafiə Nazirliyinin rəsmi təkzibi isə 40 min baxışı belə keçmir. Beləliklə, yalan informasiya qələbə çalır, həqiqət isə kənarda qalır.

Ekspert kimdir? Status necə qazanılır?

2010-cu illərə qədər cəmiyyətdə ekspert statusu müəyyən peşəkar və elmi kapitalla - akademik dərəcə, nüfuzlu nəşrlər, institut tanınması ilə ölçülürdü. Amma 2025-ci ildə bu parametrlər artıq işləmir. YouTube-da milyon izləyicisi olan bir bloger, beynəlxalq hüquq-müdafiə təşkilatlarından daha artıq ictimai təsirə malik ola bilir.

Məsələn, Sudanda baş verən humanitar böhranla bağlı BMT-nin Darfur hesabatını Reuters, AP, BBC kimi nəhəng media qurumları yayır. Amma ərəb və afrika dilli auditoriyalarda əsl “ekspertlər” Telegram-dakı anonim kanallardır. Onlar saxta şəkillər, “Fransa və Efiopiyanın qlobal sui-qəsdi” barədə dezinformasiyalarla gündəmi zəbt edir. Graphika-nın təhlilinə görə, bu kanallar Afrika qitəsinin 11 ölkəsində rəyi formalaşdıran əsas informasiya mənbəyinə çevrilib - onların əhatə dairəsi klassik KİV-ləri üstələyib.

Radikallıq trenddədir

Alqoritmlər radikalı sevir. Facebook və X kimi platformalarda artıq bir “emosional kaskad” effekti müşahidə olunur: istifadəçi sərt, ittihamedici paylaşımlara daha çox reaksiya verir, daha tez paylaşır və müzakirəyə qoşulur. Bu da öz növbəsində həmin kontentin daha da geniş yayılmasına səbəb olur.

X platformasının 2025-ci ilin fevral–aprel statistikası göstərir ki, “xəyanət”, “soyqırım”, “cinayət” kimi sərt ifadələr işlədilən paylaşımlar, neytral sözlərlə yazılmışlardan 2,7 dəfə çox retvit alıb. Bu taktikanı həm sağçı, həm solçu, həm də hər cür ideologiyanın təmsilçiləri - siyasi aktorlar və propagandistlər - uğurla tətbiq edir.

Söz azadlığı - məsuliyyətsizlik örtüyümü?

Ən təhlükəli paradokslardan biri də budur: 2025-ci ildə hər kəs “fikir azadlığına” iddia edir, amma demək olar ki, heç kim söylədiyi sözün nəticələrinə görə cavabdehlik daşımır. Məsələn, İsrailin Suriyada guya nüvə silahından istifadə etməsi barədə uydurma paylaşım kütləvi təşviş yarada bilər. Amma həmin paylaşıma görə heç bir platforma, nə də müəllif məsuliyyət daşımır. Onlar sadəcə “fikirdir də” deyə mövqelərini əsaslandırır.

Ən şok misallardan biri - 2025-ci ilin martında yayılan DeepFake videodur. İran prezidentinin guya ABŞ-a qarşı səfərbərlik elan etməsini göstərən bu montaj olunmuş görüntü, X platformasında 8 milyondan çox baxış yığır. Video silinəndə artıq gec idi - İran diasporasında təşviş başlamış, Türkiyədəki iranlılar arasında panika yayılmışdı. Middle East Eye bu xəbəri təsdiqlədi.

Peşəkar jurnalistika küncə sıxışdırılıb

2025-ci ildə jurnalistikanın vəziyyəti acınacaqlıdır. Yanvar-may aylarında təkcə ABŞ-da 74 lokal media qurumu fəaliyyətini dayandırıb. Pew Research Center-in məlumatına görə, bu, sosial şəbəkələrlə rəqabətdə məğlubiyyətin nəticəsidir. Hətta New York Times kimi nəhənglər belə məcbur olub TikTok üçün ayrıca redaksiya qursun, analitik şöbələri isə ixtisar etsin.

Formalaşan mənzərə budur: faktların dəqiqliyinə, peşə prinsiplərinə, etikaya əsaslanan jurnalistika artıq kənarda qalıb. Onun yerini isə bir kliklə yüz minlərlə insana çatan, amma doğruluğu şübhə doğuran “informasiya seli” tutur. Burada “doğru” olmaq vacib deyil - “görünmək” əsasdır. Və bu yeni medialandşaftda itirən təkcə jurnalistika deyil - cəmiyyətin özü itirir.

Azərbaycan üçün bu prosesin dərsləri çoxdur. Sosial şəbəkənin gücünü inkar etmək absurddur. Amma onu vəhşi informasiya müharibəsinin meydanına çevirmək, cəmiyyətin informasiya immunitetini məhv edir. Peşəkar jurnalistika - istər çap, istər onlayn - yaşamalıdır. Yaşamaq üçünsə dövlət dəstəyi, ictimai etimad və yeni nəsil üçün media savadlılığı vacibdir. Əks halda, “doğru”nun yerini tamamilə “dəbdə olan” alacaq. Və bu, yalnız jurnalistikanın deyil, cəmiyyətin də məğlubiyyəti olacaq.

Səsli və emosional yalanın faktlardan daha inandırıcı göründüyü məqamda biz artıq informasiya nihilizminin dövrünə qədəm qoyuruq. Burada baş verən hadisənin özü yox, onun başlıqda necə təqdim olunduğu daha çox əhəmiyyət kəsb edir. Və bu artıq sadəcə cəmiyyətin fikrinə yox, dövlətlərin verdiyi qərarlara da təsir edir.

Əgər yaxın illərdə rəqəmsal platformalar üçün yeni, hesabatlılıq mexanizmləri yaradılmasa, və əgər cəmiyyətlər viral dezinformasiyaya qarşı immunitet formalaşdıra bilməsə, media məkanı həqiqət axtarışı deyil, emosional hay-küylərin xaotik döyüş meydanına çevriləcək.

Sosial medianın hökmranlığının acı “yan məhsulları”:

  • Cəmiyyətin qütbləşməsi - alqoritmlər radikal mövqeləri qabardır, istifadəçiləri informasiya “baloncuqlarına” salır.
  • Tənqidi təfəkkürün deqradasiyası - qırıq-qırıq, emosional boyalarla təqdim edilən məlumatlar məntiqi bağların qurulmasına və təhlilə imkan vermir.
  • Milli təhlükəsizlik üçün real təhdidlər - saxta xəbərlər, informasiya hücumları və manipulyasiya kampaniyaları dövlətlərə qarşı silaha çevrilir.

Bu təsirlər xüsusilə çoxmillətli, postmünaqişəli və geosiyasi baxımdan həssas ölkələrdə özünü daha kəskin göstərir. Məsələn, Azərbaycan mütəmadi olaraq xaricdən yönləndirilən informasiya hücumları ilə üz-üzə qalır - məqsəd isə onun daxili və xarici siyasətini, tarixini və mədəniyyətini gözdən salmaqdır. Bu hücumlar adətən peşəkar media qurumlarından deyil, “aktivist”, bloger, yaxud anonim sosial media hesabları vasitəsilə yayılır. Ən acınacaqlısı isə odur ki, bu kontent çox vaxt ya sadəlövh istifadəçilər, ya da sifarişli kampaniyaların tərəfdarları tərəfindən sürətlə tirajlanır.

Bu gün ənənəvi medianın uduzduğu tək şey auditoriya deyil. Əsas itki - media ilə birlikdə cəmiyyətin dayandığı dəyərlərin dağılmasıdır:

  • faktların yoxlanması,
  • cavab haqqının təmin edilməsi,
  • xəbər və şərh arasındakı sərhədin qorunması,
  • şəxsi həyata hörmət,
  • günahsızlıq prezumpsiyası.

Bu prinsiplər bir-bir yox olmağa başladıqca, cəmiyyət çaxnaşma və linç məkanına çevrilir. Hər kəs “hakim” və “cəllad” olur. Bunun ən bariz nümunəsi - son illərdə yayılmış “cancel culture”, yəni “ləğvetmə” tendensiyası, onlayn linc kampaniyaları və nifrət çağırışlarıdır.

Bəs çıxış yolu nədir? Həm söz azadlığını qoruyub, həm də ictimai məsuliyyəti necə təmin etməli?

Mümkün həll yolları bunlardır:

  1. Rəqəmsal gigiyena üzrə dövlət siyasəti
    – Sosial şəbəkələrin alqoritmlərinin şəffaflığı, saxta xəbərlərin xüsusi nişanla işarələnməsi, informasiya manipulyasiyalarına qarşı fövqəladə rejimlər (müharibə, seçki, epidemiya dövrlərində) üçün hüquqi tənzimləmələr hazırlanmalıdır.
  2. Mediatəhsil
    – Məktəblərdən başlayaraq universitetlərə qədər informasiya təhlili, mənbələrin yoxlanması və manipulyasiya alətlərinin tanıdılması üzrə proqramlar tətbiq olunmalıdır.
  3. Peşəkar mediaya dövlət və cəmiyyət dəstəyi
    – Ənənəvi medianı təkcə kommersiya subyekti kimi deyil, ictimai institut kimi saxlamaq üçün dövlət subsidiyaları, texniki imkanlar və yeni platformalara çıxış təmin olunmalıdır.
  4. Platformaların məsuliyyəti
    – Facebook, TikTok, YouTube, Telegram və b. üçün təhlükəli kontentin nişanlanması və mənbələrin şəffaflığını təmin edən etik kodekslər qanunvericiliklə təsdiqlənməlidir.
  5. Milli rəqəmsal platformaların yaradılması
    – Rəqəmsal suverenlik məsələsi getdikcə daha aktual olur. Çin, Türkiyə, Hindistan kimi ölkələr artıq öz ekosistemlərini qurmağa başlayıblar. Azərbaycan da bu istiqamətdə düşünməlidir.

2025-ci ilin informasiya savaşı: söhbət formatdan yox, mədəni modeldən gedir

Bu gün jurnalistika ilə sosial media arasında olan qarşıdurma sadəcə texnologiyalar, təqdimat formatları və sürətlər üstündə olan mübahisə deyil. Artıq bu, iki tamamilə fərqli dünyagörüşünün toqquşmasıdır - birində həqiqət faktlarla və peşəkarlıqla ölçülür, digərində isə duyğularla və paylaşım sayı ilə. İndiki şəraitdə bu artıq kanal rəqabəti deyil - bu, kollektiv şüurun necə formalaşacağı uğrunda gedən dərin mədəni qarşıdurmadır.

Reuters İnstitutunun 2025-ci ilin aprelində yayımladığı geniş tədqiqat göstərdi ki, dünya üzrə 46 ölkədə ənənəvi medianın etibar səviyyəsi 38 faizə enib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 52 faiz idi. Eyni vaxtda sosial media vasitəsilə əldə olunan informasiyaya etibar cəmi 26 faiz olsa da, bu platformaların əhatə dairəsi ənənəvi medianı ikiqat üstələyir.

Ən ciddi həyəcan siqnalları Fransadan, ABŞ-dan və Braziliyadan gəlir. Bu ölkələrdə alqoritmlər vasitəsilə yayılan dezinformasiyalar artıq təkcə ictimai rəyə deyil, seçki proseslərinə də təsir göstərir. Məsələn, ABŞ-da Pew Research Center-in 2025-ci ilin mayında açıqladığı sorğuya görə, respondentlərin 64 faizi xəbərləri daha çox TikTok və YouTube vasitəsilə izlədiklərini bildirib. Lakin cəmi 18 faiz bu mənbələri etibarlı hesab edib.

Bu, artıq xəbər deyil - bu, təhlükə siqnalıdır.

Azərbaycan və bizim kimi informasiya cəbhəsində hədəfə alınan ölkələr üçün bu qlobal transformasiya sadəcə texnoloji deyil, strateji məsələdir. Əgər informasiya cəmiyyətin “qan dövranıdırsa”, bu dövranı pozan dezinformasiya virusları nəinki ictimai rəyi, həm də dövlətlərin dayanıqlığını zədələyə bilər.

Ona görə də mübarizə təkcə informasiya ilə deyil, sistemli yanaşma ilə aparılmalıdır. Bu gün biz təkcə sosial medianın sürətinə yox, onun mahiyyətinə qarşı alternativ yaratmalıyıq. Peşəkar jurnalistika - doğru, balanslı, şəffaf və məsuliyyətli informasiya istehsalı - cəmiyyətin sağlam düşüncə orqanıdır. Bu orqan zərər görərsə, toplum süni gündəmlərlə, emosional manipulyasiyalarla idarə olunan bir reallıqda yaşamağa məhkumdur.

Əgər bu dövrə bir ad vermək gərəkdirsə, bəlkə də ən dəqiq tanım belə olar: "Səslə həqiqətin savaşında, əgər biz susuruqsa, qalib həmişə yalan olacaq."

Ənənəvi media sosial şəbəkələrlə həmişə sürətdə rəqabət apara bilmirdi. Birbaşa yayımlar, istifadəçi tərəfindən yaradılan kontent (user-generated content) və paylaşımların real vaxtda yayılması, peşəkar jurnalistikanı daim bir neçə addım geridə qoyurdu. Amma 2025-ci ildə bu fərq yeni bir mərhələyə keçdi - artıq söhbət təkcə sürətdən yox, intellektual avtomatlaşdırmadan gedir.

Yeni GPT əsaslı alətlər - avtomatik videogenaratorlar, qısa klip platformaları və görüntüyə əsaslanan redaktə sistemləri - gün ərzində yüzlərlə emosional, lakin çox zaman dezinformasiyaya əsaslanan video istehsal edir. Hər biri milyonlarla baxış toplayır. Nəticədə jurnalistika sürətlə yox, həqiqətlə rəqabət aparmalı olur. Və bu, çox vaxt mümkün olmur.

2025-ci ilin martında Hindistanda saxta video yayıldı: guya Pakistanın müdafiə naziri nüvə silahı ilə hədələyir. Video süni intellektlə yaradılmış deepfake idi. Cəmi 9 saata 38 milyon baxış topladı. Təkzib isə yalnız bir sutka sonra gəldi - və bu vaxta qədər artıq ORF-in apardığı sorğuya əsasən, hindistanlıların 60 faizindən çoxu bu hədənin real olduğuna inanırdı.

Ən dəhşətlisi isə odur ki, peşəkar media - Reuters, The Hindu, BBC və b. - bu xəbəri ancaq 8–10 saat sonra yayımlaya bildi. Onlar mənbələri yoxladı, dilin üslubunu təhlil etdi, ekspert rəyini aldı. Amma artıq gec idi - vizual yalan auditoriyanı ələ keçirmişdi.

Sosial şəbəkələrdə “editor” yoxdu. Orda paylaşımın dəyərini alqoritm ölçür - və bu alqoritm nə faktlara, nə də ictimai əhəmiyyətə önəm verir. Tək meyar: emosional reaksiya doğuracaqmı?

Meta, TikTok və X (əvvəlki Twitter) 2025-ci ildə artıq açıq şəkildə etiraf edir: platformalardakı kontentin 80–90%-i emosional reaksiya əsasında yayılır. Stanford Internet Observatory-nin yanvar ayında dərc etdiyi hesabatda deyilir ki, “biabırçılıq!”, “fəlakət!”, “şok ifşa!” tipli başlıqlar neytral analitik məqalələrdən 5,6 dəfə daha sürətlə yayılır.

Jurnalistika isə bu yarışda təbii olaraq “yavaş” qalır. Amma daha dərin olur.

Le Monde qəzetinin 2025-ci ildə Avropa İttifaqının hərbi tenderləri ilə bağlı hazırladığı korrupsiya araşdırması 3 ay çəkdi. Amma nəticəsi nə oldu? Brüsseldə üç istefa, Avropa Parlamentində ictimai dinləmə, İttifaq daxilində araşdırma komissiyası. Bir dənə də TikTok videosu belə təsir gücünə sahib olmayıb.

Sosial media - pulsuz. Jurnalistika - baha. Bəs nəticə?

2025-ci ilə qədər dünya üzrə 62% xəbər saytları ödənişli abunə və ya hibrid modelə keçib. Səbəb - reklam gəlirlərinin çöküşü. Meta, Alphabet və ByteDance 2025-ci ildə dünya üzrə rəqəmsal reklam bazarının 72%-ni nəzarətə alıb. Bu, müstəqil media üçün ölümcül tələyə çevrilib: bir tərəfdən sosial mediaya qarşı diqqət uğrunda mübarizə aparmaq məcburiyyəti, digər tərəfdən isə - məqalələrə girişin məhdudlaşdırılması.

Nəticə? Oxucu çətin, lakin doğru olan analitik materialı seçmək əvəzinə, emosional və asan “qısa videoları” tərcih edir. Bu fenomen artıq öz adını da tapıb: informasiya tənbəlliyi.

Bütün zəifliklərinə, qeyri-etik nümunələrə və bəzən özünü də təhrif etməsinə baxmayaraq, jurnalistika hələ də faktların yoxlandığı, etik kodekslərin tətbiq edildiyi, hüquqi məsuliyyətin daşıdığı yeganə informasiya məkanıdır.

Sosial şəbəkələr isə - istənilən məzmunu tirajlaya bilər: peyvənd əleyhinə nəzəriyyələrdən tutmuş, hətta soyqırımı təbliğatına qədər. Avropa Komissiyasının məlumatına əsasən, 2025-ci ildə Aİ məkanında aşkar edilmiş 3 200 zərərli feyk materialın cəmi 11%-i bir sutka ərzində silinib. Yalnız 3%-i istifadəçilər üçün xəbərdarlıqla təqdim olunub.

Amma klassik media - Der Spiegel, Le Figaro, Washington Post - hər hansı bir səhv buraxsa, təkcə nüfuz deyil, hüquqi məsuliyyət daşıyır.

Bu - qeyri-bərabər oyundur.

(davamı var - növbəti hissədə: Jurnalistikanın yenidən qurulması üçün çıxış yolları)

Çıxış yolu sosial şəbəkələri “məğlub etmək”də deyil. Çıxış - media ekosistemini yenidən formatlamaqdadır. Əgər informasiya dövründə yaşamaq istəyiriksə, bu dövrün qaydalarını da dəyişmək məcburiyyətindəyik.

Birinci istiqamət - hüquqi çeviklik və alqoritmik məsuliyyət

2025-ci ildə Aİ-nin təqdim etdiyi Digital Media Responsibility Act layihəsi mühüm dönüş nöqtəsi ola bilər. Bu qanunvericilik təşəbbüsü alqoritmlərin şəffaflığını tələb edir, süni intellektlə yaradılmış kontentin xüsusi nişanla qeyd olunmasını və istifadəçiyə fərdiləşdirmə üzərində nəzarət imkanı yaradılmasını nəzərdə tutur.

Əgər TikTok, YouTube və Telegram media gücünə sahibdirsə, onda onlar da mediaya xas öhdəlikləri daşımalıdır. Bu, yalnız Avropa üçün deyil - bütün dövlətlər üçün vacib siqnaldır: Sosial şəbəkə nə qədər böyükdürsə, bir o qədər məsuliyyət daşımalıdır.

İkinci istiqamət - informasiya savadlılığı: yeni maarifçilik dalğası

Kolumbiya, Oksford və Tokio universitetləri artıq 2025-ci ildə informasiya savadlılığı üzrə ixtisaslaşmış proqramlara start veriblər. Bu kurslarda təkcə saxta xəbərləri tanımaq yox, həm də manipulyasiya metodlarını təhlil etmək, kognitiv təhrifləri aşkar etmək və özünü qorumaq bacarığı aşılanır.

Bu, yeni dövrün tələbi olan bir maarifçilikdir - “mənbəni yoxlamaq”, “başlığı sorğulamaq” və “səssiz qalmamaq” vərdişlərini insanlara uşaqlıqdan aşılamaq lazımdır.

Üçüncü istiqamət - yeni nəsil hibrid media: dərinlik + vizuallıq

Ekspertlərin əksəriyyəti razıdır: gələcək təkcə çap mətbuatında deyil. Gələcək - dərin jurnalistikanı vizual izah, dinamik təqdimat və multimedial narrativlə birləşdirən formatlardadır. Hansı redaksiya bacarırsa həm faktı yoxlasın, həm onu dinləməli və izləməli məzmuna çevirsin - o, yaşamaq hüququ qazanır.

Nümunələr çoxdur: araşdırma podkastları, vizual izahlı reportajlar, qrafik narrativlər və süjet əsaslı sənədli videoformatlar. Bu, jurnalistikanın yeni nəsli ola bilər - “empathic investigation” - yəni həm informativ, həm də insanı düşündürən.

İnformasiya cəmiyyətində tərəfsizlik yoxdur. Kim “səssiz qalıram” deyirsə, faktiki olaraq dezinformasiyanın yayılmasına imkan verir. Kim paylaşırsa - məsuliyyət daşıyır. Kim oxuyursa - seçim edir. Hər oxucu, hər vətəndaş ya ağıllı medianı dəstəkləyir, ya da algoritm diktaturasına təslim olur.

Yekun sual budur: biz emosiyalarla manipulyasiya olunan kütləyə çevriləcəyik, yoxsa peşəkarlıq və məntiqlə silahlanmış cəmiyyətə?

Jurnalistika bu sualın cavabını təkbaşına verə bilməz. Amma bu cavabı axtarmağın yolunu göstərə bilər.

Sonda isə bəlkə də yalnız bir cümlə kifayətdir:
Azadlıq, əgər məsuliyyətsizdirsə, informasiya cəmiyyətini aydınlığa deyil, alqoritmlərin və duyğuların diktaturasına sürükləyir.(BakuNetwork)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.