Vaşinqtonda qələmlər bu sənədi imzalayarkən mürəkkəb hələ qurumamışdı ki, XXI əsrin yaddaş lövhəsində artıq bir cızıq qoyulmuşdu. ABŞ ilə Ukrayna arasında təbii sərvətlərə çıxışla bağlı razılaşma dərhal siyasi elektroşok effekti yaratdı: pafoslu başlıqları narahat rəylər əvəz etdi, “tərəfdaşlıq” vitrininin arxasında isə daha mürəkkəb bir strukturun - asılılıq mexanizminin - konturları görünməyə başladı.
Kağız üzərində bu - strateji əməkdaşlıqdır. Əslində isə - incə tərtib olunmuş geoiqtisadi barterdir: Kiyev verdiyi hər güzəşti “sərmayə” adı ilə bəzəkli paketə bürüyür, ABŞ isə verdiyi hər vədi hüquqi öhdəliklərsiz kompliment kimi təqdim edir.
Bu razılaşma yerin altındakı sərvətlər haqqında deyil - hakimiyyət haqqındadır. Litium və uran haqqında deyil - qitədə oyun qaydalarını kimlərin yazacağı haqqındadır. Ukrayna yaşamaq şansı qazanır, lakin bu şərtlər onun tərəfindən yazılmayıb. ABŞ isə on illər üçün aktiv əldə edir, amma müdafiə etməyə borclu olmadan. Bu formulda “əgər” çoxdur, “nə zaman” isə demək olar ki, yoxdur. Ən əsası isə - maraqlar həddindən çox, təminatlar isə yetərincə deyil.
Bu razılaşma artıq “suverenliksiz müqavilə” adlandırılır - və bu, səbəbsiz deyil. Çünki söhbət təkcə sərvətlərə çıxış hüququnun ötürülməsindən getmir, bu sənəd eyni zamanda yeni qlobal siyasət modelini işarələyir: siyasi ümidə qarşılıq iqtisadi sədaqət. Oyun artıq başlayıb. Qumar stoluna qoyulan isə Ukraynadır.
Təminatsız siyasi dəyiş-düyüş: müqavilənin içində nə var?
Bu saziş forma etibarilə sadə, məzmun baxımından isə çoxqatlıdır: rəsmi olaraq Ukrayna təbii resursların - litiumdan və urandan tutmuş neft və qazadək - sahibidir. Amma ABŞ onların birgə işlənməsi, o cümlədən karbohidrogenlərin hasilatı üçün hüquq əldə edir. Vaşinqton hüquqi məna daşıyan “istismar” sözündən qaçır, onu “tərəfdaşlıq çıxışı” ilə əvəz edir. Lakin bu cür ritorik incəliklər Kiyevin sədaqətinin əsl qiymətini ört-basdır edə bilmir. Yeni yardım mərhələsinin şərti təkcə resurslara çıxışın genişləndirilməsi deyil, həm də investisiya siyasətində bir sıra güzəştlərdir.
Sənəddə ABŞ tərəfindən göstərilmiş yardımın - nə hərbi, nə də iqtisadi - geri qaytarılması ilə bağlı heç bir müddəa yoxdur. Bu, Donald Trampın prinsipial güzəşti idi. Halbuki o, bir il əvvəl Ukraynadan “350 milyard dolları” geri tələb edirdi. Lakin Council on Foreign Relationsın xatırlatdığı kimi, real rəqəm 175 milyard dollardır və onların əksəriyyəti Bayden dövrünün birbaşa hədiyyə paketləridir. Zelenski israr edirdi: bu, hədiyyə idi, kredit yox. Tramp rəqəmlər üzərindəki bu mübahisəyə məhəl qoymadı, razılaşmanı isə “kommersiya baxımından sərfəli” kimi təqdim etdi və iddia etdi ki, ABŞ “xərclədiyindən daha çox qazanacaq”.
Müqavilənin imzalanmasından əvvəl Tramp seçki mitinqlərində gurultulu alqışlar qazanaraq Ukraynanı “müharibəni təhrik etməkdə” ittiham edirdi. Ağ Ev isə Rusiyaya qarşı birbaşa ittihamlardan yayınır, real siyasət və izolyasionizm arasında manevr etməyə çalışırdı. Lakin müqavilənin mətni və ABŞ Maliyyə Nazirliyinin son açıqlamaları ritorikada dönüş nöqtəsi oldu. İndi Rusiya - “aqressor dövlətdir”, Ukrayna isə - “azad və inkişaf edən demokratiya, suverenlik və bərpa hüququna malik bir ölkə”.
ABŞ maliyyə naziri Skott Bessent açıq şəkildə bildirdi: rus hərbi maşını ilə əməkdaşlıq edən heç bir dövlət Ukraynanın müharibədən sonrakı bərpasında iştirak etməyəcək. Bu bəyanatlar Moskvaya verilmiş birmənalı mesajdır: Vaşinqtonun yeni xətti əvvəlkindən xeyli az dözümlüdür.
Lakin ritorika - strategiya deyil. Kremlin üzərinə informasiya təzyiqi güclənsə də, müqavilədə Ukraynanın təhlükəsizliyi ilə bağlı heç bir hüquqi təminat yoxdur. Nə təhdid zamanı avtomatik yardım öhdəliyi, nə də konkret hərbi müdafiə maddələri sənəddə əksini tapmayıb. Bunun əvəzində - “iqtisadi maraqlar” “yeni təhlükəsizlik forması” kimi təqdim olunur.
Kyiv Postun Ukrayna hökumətindəki mənbələrə istinadən yazdığına görə, resurs razılaşmasının imzalanmasından sonra Tramp administrasiyası 50 milyon dollarlıq silah tədarükünə “qeyri-rəsmi razılıq” verib. Bu, uzun fasilədən sonra hərbi əməkdaşlıq yönündə ilk jestdir. 2021-ci ildən bəri silahların əksəriyyəti hədiyyə proqramları çərçivəsində verilirdi. İndi isə söhbət DCS modelinə - birbaşa kommersiya satışına - qayıdışdan gedir. Yəni Ukrayna hər tank və hər drona görə pul ödəyəcək.
Bu - ikiqat siqnaldır. Bir tərəfdən, Tramp tədarükü açmağa hazırdır. Digər tərəfdən, o, “Amerika başqalarının müharibəsinə pul ödəməz” ideologiyasından dönmür. Bununla belə, hərbi yardımın investisiya fonduna “potensial töhfə” kimi daxil edilməsi presedent yaradır: müdafiə sənayesi artıq geoiqtisadiyyatın bir hissəsinə çevrilir.
ABŞ və Ukrayna arasında imzalanmış resurs razılaşmasının ən çox müzakirə olunan aspektlərindən biri - rəsmi şəkildə “suverenlik” adlandırılan anlayışın səssiz-səmirsiz aşındırılmasıdır. Formal olaraq, sərvətlər Ukraynanın yurisdiksiyası altında qalır. Amma onlara xarici tərəfdaşın çıxışı qarşılığında siyasi və iqtisadi təminatlar təqdim edilməsi faktiki olaraq Kiyevin resurs siyasətindəki səlahiyyətlərinin məhdudlaşdırılması deməkdir.
European Policy Centre ekspertlərinin vurğuladığı kimi, Qərb ölkələrinin klassik resurs razılaşmalarında “birgə mülkiyyət” anlayışı əslində tərəfdaşlıq deyil, təsir bölgüsüdür. Bu halda Ukrayna geoiqtisadi qarşılıqlı asılılığa razılıq verir. O, resursları idarə etmir - onlara çıxışı bölüşür, əksər hallarda isə bu çıxış şərtləri xaricdən müəyyən olunur.
Xüsusi diqqət cəlb edən məqam gəlirin reinvestisiyası ilə bağlı bəyanatlardır. Ukrayna rəsmiləri bildirirlər ki, ilkin 10 il ərzində resurslardan əldə olunacaq gəlirlər yalnız ölkənin bərpasına yönəldiləcək. Amma bu müddəa razılaşmanın özündə deyil, sadəcə məmurların şifahi çıxışlarında yer alır. Hüquqi baxımdan bu, boşluq yaradır: ABŞ-da siyasi iradə dəyişərsə, vəsaitlər asanlıqla başqa istiqamətə yönləndirilə bilər və Kiyev bunu sənədlə əsaslandıra bilməz.
On ildən sonra, Ukrayna hökumətinin bəyanatına görə, gəlirlər bərabər paylanacaq. Bu isə ciddi risk yaradır: müharibə bitdikdən sonra, ölkənin infrastrukturunun bərpası daha da vacib mərhələyə daxil olduqda, əldə olunan gəlirlər artıq Ukraynanın büdcəsinə deyil, amerikalı tərəfdaşla ortaq fonda daxil olacaq. Beləliklə, Ukrayna əsas müttəfiqi ilə eyni pullar uğrunda rəqabət aparmalı olan vəziyyətə düşə bilər.
Bu müqavilənin imzalanması Brüsseldə də narahatlıq doğurdu. Avropa İttifaqı Ukraynanın yenidən okeanın o tayından gələn iqtisadi ekspansiyanın meydanına çevrilməsini istəmir. 2023-cü ildə Aİ və Ukrayna arasında Tənzimləyici Xammal Materialları haqqında saziş imzalanmışdı və orada Brüssel Ukrayna resurslarının hasilatı və emalında “Avropa bazarının” prioritet olduğunu xüsusi vurğulamışdı.
İndiki ABŞ-Ukrayna razılaşması həmin sənədlə potensial ziddiyyət təşkil edir. Lakin ABŞ ilə imzalanmış müqavilənin mətnində diqqətlə yazılmış bir ifadə var: “Birləşmiş Ştatlar Ukraynanın Aİ-yə üzvlük səylərini tanıyır və bu proseslə bağlı əlavə öhdəliklər yarandıqda müqavilə şərtlərinə yenidən baxmağa hazırdır.”
Formal olaraq bu - diplomatik nəzakətdir. Əslində isə Avropa vektorunun prioritetliyini tanımaqdan yayınılması üçün ustalıqla formalaşdırılmış cümlədir. Vaşinqton Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxmır, lakin ABŞ və Avropa sərmayə maraqları arasında hüquqi ziddiyyət yaranacağı təqdirdə geri çəkiləcəyinə də zəmanət vermir.
NATO məsələsinə gəlincə - müqavilədə Alyansın adı ümumiyyətlə çəkilmir. Bu, həm Moskvanı qıcıqlandırmamaq üçün taktiki bir çəkinmə, həm də Tramp administrasiyasının Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək niyyətində olmadığının göstəricisi ola bilər.
Chatham House-dan transatlantik münasibətlər üzrə ekspert Sara Krauzerin sözləri ilə desək: “Yeni amerikalı yanaşma - artıq təhlükəsizliyə qarşı sədaqət deyil, investisiyaya qarşı itaətdir.” Yəni ABŞ Kiyevə qoruma yox, sərhədsiz və təminatsız uzunmüddətli layihədə iştirak təklif edir.
Xüsusi diqqətçəkən digər məqam - müqavilədən əvvəlki və sonrakı ritorika arasındakı ziddiyyətdir. Sazişdən əvvəl Tramp və ətrafı iddia edirdi ki, Ukrayna ABŞ-ı “özgə müharibəyə sürükləyib” və Vaşinqton bu münaqişəni maliyyələşdirmək məcburiyyətində deyil. Hətta Rusiyanın mövqeyinin “haqlılığına” işarə edən bəyanatlar da səslənirdi.
Amma imzadan sonra ritorika demək olar ki, 180 dərəcə dəyişdi. Ukrayna qəfil “azadlığın simvoluna”, aqressiyanın qurbanına və bərpa olunmağa layiq demokratiyaya çevrildi. Rusiya isə - “müharibə və xaosun sponsoru” olaraq, gələcək yenidənqurma prosesində istisna ediləcək tərəfdaş kimi təqdim olundu.
Burada təbii sual yaranır: bu, həqiqi dəyərləndirmənin nəticəsidir, yoxsa seçki auditoriyasına ünvanlanmış siyasi maskarad?
Kyiv Post redaksiya şərhində qeyd olunur: “ABŞ elə təəssürat yaratmağa çalışır ki, guya Ukrayna resurslarına çıxışın səbəbi mənfəət deyil, həmrəylikdir. Bu, sadəcə ustalıqla qurulmuş ritorik fənddir - vəssalam.”
Ukrayna cəmiyyətində, xüsusən də vətənpərvər təbəqələrdə bu müqavilə eyni anda həm qələbə, həm də “geosiyasi alverdə dəyişdirilmə” riski daşıyan bir akt kimi görünür.
ABŞ ilə imzalanmış bu müqavilə - sadəcə sərmayə sənədi deyil. Bu, geoiqtisadi simvolizm aktıdır. Vaşinqton yalnız resurslara çıxış deyil, həm də gələcəkdə birbaşa hərbi dəstəyə alternativ kimi istifadə edə biləcəyi təsir rıçağı əldə edib. Ukrayna - yardım müqabilində - öz suverenliyinin əsl dərinliyini sual altına qoyub.
Bu razılaşma təminat deyil — hesablamadır. İttifaq yox, maraqların müvəqqəti balansıdır. Və hər bir geosiyasi kontrakt kimi, bunun da qiyməti var. Sadəcə sual budur: bu qiyməti yalnız Ukrayna ödəyəcək, yoxsa kritik anda üfüqdə itib yoxa çıxa biləcək müttəfiqləri ilə bölüşəcəkmi?
Ukrayna sədaqət ilə illüziyalar arasında: 2025–2026-cı illər üçün ssenarilər
ABŞ ilə Ukrayna arasında təbii sərvətlərə çıxış haqqında imzalanmış razılaşma təkcə ayrı bir epizod deyil. Bu, beynəlxalq siyasətdə yeni mərhələnin başlanğıcıdır. Elə bir mərhələ ki, humanitar və hərbi öhdəliklər geoiqtisadi riyaziyyatın arxasına çəkilir, “dəstək” anlayışı isə “yüksək riskli sərmayə” məntiqi ilə əvəz olunur. Ukrayna paradoksal bir vəziyyətə düşüb: Vaşinqtondan daha çox asılı hala gəlib, amma eyni zamanda əsas dayağını - hüquqi cəhətdən təsbit olunmuş təhlükəsizlik təminatlarını - itirib.
Qarşıdakı iki il üçün üç əsas ssenari aydın görünür:
1. “Amerika bərpası” ssenarisi (şərti-müsbət)
Bu ssenaridə ABŞ təkcə hərbi yardım mexanizmini yenidən işə salmır, həm də Ukraynada iqtisadi varlığını transmilli korporasiyalar, sərmayə fondları və texnologiya transferləri vasitəsilə gücləndirir. Ukrayna müasir silah sistemlərinə, enerji infrastrukturu texnologiyalarına və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı vasitəsilə maliyyə dəstəyinə müəyyən şərtlərlə çıxış əldə edir.
Amma bunun bədəli də var: ölkə Vaşinqton ilə Brüssel arasında seçim etmək hüququndan məhrum olan strateji protektorata çevrilir.
2. “Seçmə sədaqət” ssenarisi (realist)
ABŞ Ukraynanı Rusiya və Aİ ilə geosiyasi bazarlıqda alət kimi istifadə etməkdə davam edəcək. Yardımlar minimum çərçivədə davam edəcək - əsasən pullu tədarüklər və rəmzi jestlərlə. Kiyevin ABŞ-la razılaşdırılmamış şəkildə resurs siyasəti və ya Aİ-yə inteqrasiya addımları atması təzyiq doğuracaq. NATO və Aİ isə “gərginliyi artırmaq istəmirik” bəhanəsi ilə Ukraynadan uzaqlaşacaq. Ukrayna isə rəsmiyyətlərlə dolu ritorika və real dəstəyin yoxluğu arasında sıxışıb qalacaq.
3. “Geoiqtisadi tələ” ssenarisi (mənfi)
ABŞ-da izolyasionist meyllərin güclənəcəyi və ya yeni iqtisadi böhran dalğasının baş verəcəyi təqdirdə, Vaşinqton hətta qismən dəstəyi belə dayandıra bilər. Ukrayna isə yalnız enerji və resurs yönümlü öhdəliklərlə baş-başa qalacaq. Bu, ölkədə daxili siyasi böhrana, ictimai narazılığın artmasına və “əsarət müqavilələrindən çıxmaq” tələbini irəli sürən populistlərin güclənməsinə səbəb olacaq. Qərbin çaşqınlığı fonunda isə Moskva yalnız hərbi yox, diplomatik hücum üçün də fürsət əldə edəcək.
Bu ssenarilərdən hansının reallığa çevriləcəyi təkcə Tramp administrasiyasından deyil, həm də Kiyevin siyasi iradəsindən asılı olacaq. Ukrayna artıq sadəcə xarici təzyiqlərə müqavimət göstərmək deyil, başqa güclər tərəfindən qurulmuş oyunun içində öz gündəmini müəyyən etmək məcburiyyətindədir.
ABŞ-la imzalanmış bu razılaşma Ukrayna diplomatiyası üçün bir yetkinlik sınağına çevrildi. Əgər Kiyev bu sənədi iqtisadi güclənmə və subyektivlik üçün tramplinə çevirə bilməzsə, bu razılaşma sadəcə daha bir “məcburi güzəştlər” və “sədaqətin real qiyməti” salnaməsinə yazılmış yeni bir səhifə olacaq.(BakuNetwork)