Əvvəlki illərdə psixoloji xidmət sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır. Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var. Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq xidmətinə ehtiyacları var.
Bu səbəbdən son illərdə psixologiya sahəsi xeyli populyarlaşıb. Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tuturlar. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər.
Bəs, görəsən psixoloqların qəbul qiyməti nə qədər olmalıdır?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov psixoloji dəstəyə ehtiyacı olan insanların say çoxluğundan danışıb:
“Psixologiya bizim cəmiyyətin ictimai fraksiyasına çevrilib. Həyatımız sanki psixologiya üzərindədir. Psixoloji dəstəyə ehtiyacı olan insanlar çoxdur. İnsanlar arasında münasibət məhz psixologiya ilə tənzimlənir. Psixoloji yardım haqqında xüsusi qanun var. Bu qanunda psixoloji yardımın göstərilməsinin prinsipləri öz əksini tapıb. Ümumtəhsil müəssisələrində olan, həmçinin fiziki məhdudiyyətli şəxslər, məişət zorakılığına məruz qalan, müvəqqəti saxlanılma yerində, islah əmək düşərgəsində, silahlı qüvvələrdə olan insanlar psixoloji yardımı ödənişsiz ala bilirlər”.
E.Rüstəmov qeyd edib ki, psixoloji yardımların verilməsi üçün hazırda peşəkar kadr çatışmazlığı var: “İxtisaslaşmış kadrların olması olduqca vacibdir. Sırf ailə psixoloqu sahəsi üzrə ixtisaslaşma yoxdur. Kadrlara böyük ehtiyacımız olacaq. Psixoloji yardım yaxın zamanlarda sığortaya daxil olacaq. Bütün bunlar həyata keçirilsə, müəyyən qədər əlçatan olacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu öz yerini tapacaq. Kadr potensialının hazırlanması ilə bağlı Azərbaycanda bir çox ali təhsil müəssisələrində kadrlar hazırlanır”.
Psixoloq əlavə edib ki, psixoloji yardımın qiyməti fərdi şəkildə müəyyənləşir: “Psixoloji yardımın qiyməti haqda konkret söz demək mümkün deyil. Çünki dəyişkəndir. Qiymətlər psixoloqa əsasən dəyişir. Psixoloq qiyməti özü müəyyənləşdirir. Çox istərdim ki, psixoloji yardım keyfiyyətli şəkildə həyata keçirilsin. Burada incə nüanslar öz həllini tapmalıdır. Qanunvericilikdə öz həllini tapmalı, əlçatan olmalıdır”.
Milli Məclisin deputatı, professor Musa Qasımlının sözlərinə görə, insanlar tək psixoloq yanına deyil, eyni zamanda psixoterapevt yanına da getməlidirlər: “Dünyanın qabaqcıl ölkələrində ailə psixoloqları var. Kimliyindən asılı olmayaraq, demək olar ki, bütün şəxslər psixoloqa müraciət edirlər. Son illərdə bizdə də psixoloji yardım mərkəzləri açılır. İnsanlar tək psixoloq yanına deyil, eyni zamanda psixoterapevt yanına da getməlidirlər”.
M.Qasımlı qeyd edib ki, ailə və məktəb psixoloqlarının sayı artırılmalıdır: “Bu məsələ ölkəmizdə tədricən inkişaf edir. Hazırda məktəblərimizdə psixoloqlar var. Onların sayı getdikcə artırılır. Hər bir ailənin psixoloqunun olması da qətiyyən kimsəni təəccübləndirməməlidir. Çünki ailə psixoloqları dünyanın ən qabaqcıl ölkələrində var. Elə ailələr var ki, müqavilələr bağlayırlar. Müntəzəm olaraq psixoloqların köməyindən istifadə etməsələr belə, ailə bilir ki, onun hər hansı bir vəziyyətində müraciət edə biləcəyi, yaxından tanıdığı ailə psixoloqu var”.
Məsələ ilə bağlı araşdırma etdik. Məlum oldu ki, Bakıda psixoloq qəbulunun bir seansı orta hesabla 30-50 manatdan başlayır. Elə psixoloji yardım mərkəzi var ki, bir seansının qiyməti 90 manatdır. Uşaqlar üçün isə qiymətlər qismən fərqlidir. Həftədə 1 dəfə, 45 dəqiqəlik seansın qiyməti 90 manat, həftədə 3 dəfə olan seansın qiyməti 250 manatdır. Uşaqlar üçün həftədə 1 dəfə keçirilən qrup terapiyasının qiyməti 50 manatdır.
Sözsüz ki, daha məşhur psixoloqlar konsultasiya üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.
Psixoloq Samirə Bağırovanın 1 seansının qiyməti 100 AZN, Narınc Rüstəmovanınkı 80 AZN, Vəfa Əkbərinki 50 AZN, Elnur Rüstəmovunku 50 AZN, Elmir Əkbərin qəbulunun 45 dəqiqəsi isə 70 AZN-dir.
Nəzrin Vahid