Avqustun 26-da Goranboy rayonunun Todan kənd sakini S. Əliyev DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edərək Erkəc kəndi ərazisində tanımadığı 2 nəfər şəxsin ona ov tüfəngdən atəş açması barədə məlumat verib.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, müraciətlə əlaqədar Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məlum olub ki, S. Əliyev yaşadığı evə qayıdan zaman yol kənarında olan günəbaxan sahəsinə daxil olaraq günəbaxan yığıb, bu zaman sahənin sahibləri Zaur Nağıyev və Şahin Mərdənov ondan sahədən çıxmasını tələb etdiyinə görə aralarında mübahisə yaranıb. S. Əliyev sahədən çıxmadığına görə Z. Nağıyev özünə məxsus 12 kalibrli, müvafiq sənədləri olan ov tüfəngi ilə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb, Z. Nağıyevin atəş açdığı və digər bir ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.