Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıblar.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
**11.31
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".
Senzor.az bildirir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.
**10:38
Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.
Senzor.az bildirir k, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək", - Mətbuat Xidmətindən bildirilib.
**09:58
Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Patrul.az” saytında yayımlanan görüntülərin metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilib.
Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərdiyi qeyd edilsə də, videoda azyaşlıların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.
Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.