Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb, bir kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik dövriyyədən çıxarılıb.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Nəsirov və Ruhid Ağayev saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə, RPŞ əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 3 nəfər – Günəşli kənd sakinləri Y.Ağayev, A.Əzimov və M.Eynullayev saxlanılıblar və onların hər birindən heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 100 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.