“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 8 noyabr-Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Ağsu şəhidləri. Zəfər qəhrəmanları” kitab-albomunun təqdimatı olub.
Senzor.az bildirir ki, tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ağsu rayonunun I Qarabağ müharibəsi şəhidi Həqiqət Musayevin, eləcə də II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçisi Allahverdi Qənbərov, Zaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Anar Laçınov, Vəhdət partiyası mətbuat xidmətinin rəhbəri Coşqun Kürçaylı, Ağsu Gənclər və İdman idarəsinin rəis müavini Rəşad Osmanov, Ağsu Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova və əməkdaşları, İsmayıllı regional Mədəniyyət İdarəsi, Kürdəmir rayon Mədəniyyət İdarəsi, Gəgəli kənd bələdiyyəsi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Dövlət Əmək Müfəttişliyinin nümayəndələri, Ağsu rayonu Zahid Hüseynov adına Ülgüc kənd, Natiq Mirzəyev adına Ağarx kənd, Samit Mikayılov adına Rəhimli kənd, Hacıuşağı kənd tam orta məktəblərinin, Ağsu şəhər 3 və 4 saylı, Soltan Umbayev adına 2 saylı tam orta məktəblərin direktor və müəllim heyətləri, Ağsu rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova tədbir iştirakçılarını salamlayıb, Zəfər gününün təsis olunması haqqında danışıb və şəhid ailələri, Ağsu Qoruğunun əməkdaşları, "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəgəli bələdiyyəsi üzvlərinə, kitabın müəllifi Fariz Xəlilliyə, həmmüəllif Vüqar Quliyevə kitabın hazırlanmasına görə təşəkkürünü bildirib.
Kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, kitab-albomda Ağsu rayonunun Vətən müharibəsində şəhid olan Zəfər qəhrəmanlarının foto-şəkilləri və Azərbaycan və ingilis dillərində bioqrafiyası yer alıb. O, Ağsu rayonundan millət vəkili, "Vəhdət" partiyasının sədri Tahir Kərimliyə kitab-albomun ərsəyə gəlməsində məsləhətləri və maliyyə dəstəyi ilə dəstək verdiyinə görə təşəkkürünü bildirib, kitabı tarix kitabı adlandırıb və gələcəkdə ona istinad ediləcəyini, gələcək nəsillərin ondan faydalanacağını vurğulayıb. O, Zəfər qəhrəmanlarının şücaətindən bəhs edib, şəhidlər haqqında gələcəkdə daha böyük cilddə kitabların nəşr edilməsi arzusunu ifadə edib.
Şəhid Fərid Nəcəfovun sifariş əsasında rəssam Vüqar Qurbanov tərəfindən çəkilmiş rəsmi onun valideyni Fərman Nəcəfova təqdim olunub.
Tədbirdə Ağsu şəhər 3 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Fəray Soltanova, Ağsu şəhər 4 saylı tam orta məktəbin Vüqar Quliyev adına 6a sinif şagirdi Fərəh Məhərrəmli, Ağsu rayon Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbin 6-cı sinif şagirdləri Nazlı Kazımlı və Nurayə Novruzova, Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Nəzrin Səmədzadə, 5-ci sinif şagirdləri Leyla Səmədzadə və Səmayə Səmədova, Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin 4-cü sinif şagirdi İslam Həsənli şəhidlərimiz və Zəfər günü haqqında şeirlər söyləyiblər.
Daha sonra şəhid kiçik çavuş Ceyhun Xəlilovun əmisi Ərəstun Xəlilov, şəhid əsgər Vüqar Quliyevin anası Könül Quliyeva, şəhid əsgər Hüseyn Səmədovun anası Şamama Hüseynova, şəhid əsgər İlqar Hümbətovun anası Dilarə Hümbətova, MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) əsgər Yalçın Rəhimovun atası Elçin Rəhimov, şəhid əsgər Fərid Nəcəfovun atası Fərman Nəcəfov, şəhid əsgər Roman Pənahovun atası Sərkar Pənahov, şəhid əsgər Yadigar Vahabovun anası Şölə Vahabova şəhidlərimiz haqqında danışıb, təqdim edilən kitab-albom haqqında öz fikirlərini bölüşüblər.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçisi Allahverdi Qənbərov, Ağsu Gənclər və İdman idarəsinin rəis müavini Rəşad Osmanov, Zaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Anar Laçınov, İsmayıllı regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə baş məsləhətçisi Cavanşir Şeydazadə və Kürdəmir rayon Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev öz növbəsində çıxış edərək, bu tip kitabların qəhrəmanlarımızın təbliğində və yaşadılmasında faydalı olduğunu bildirib, kitabın ərsəyə gəlməsində zəhməti olan bütün şəxslərə, xüsusilə şəhid ailələrinə, kitabı hazırlayan Fariz Xəlilli, Şölə Bayramova, Vüqar Quliyev və digər əməkdaşlara minnətdarlıqlarını ifadə edib, əsas vəzifələrdən birinin şəhidlərimizi gələcək nəsillərə tanıtdırmaq, onların ruhunu əbədiləşdirmək olduğunu vurğulayıblar.
Ağsudan olan millət vəkili Tahir Kərimli telefon əlaqəsi ilə tədbir iştirakçılarını salamlayıb, onları Zəfər günü münasibətilə təbrik edib.
Tədbirin sonunda bütün iştirakçılara kitablar və sertifikatlar təqdim olunub.