Rusiyanın Kostroma şəhərində 15 nəfərin faciəvi şəkildə öldüyü “Poliqon” kafesindəki yanğına görə obyektin azərbaycanlı sahibi İxtiyar Mirzəyev saxlanılıb.
O, yanğın təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırılır. İxtiyar Mirzəyev isə bütün binaları icarəyə götürdüyünü və klubun işini təşkil edən “İmperiya” şirkətinin fəaliyyətinə heç bir aidiyyəti olmadığını bildirib. Onun sözlərinə görə, yanan müəssisədə elektrik naqilləri kirayəçi tərəfindən çəkilib.
Qeyd edək ki, ötən həftə Kostroma şəhərində yerləşən “Poliqon” kafesində dəhşətli yanğın olub. Hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı hərbi qulluqçu Stanislav İonkin həbs edilib.
İstintaqla məlum olub ki, kafenin müştəriləri arasında qalmaqal yaranıb və nəticədə İonkin atəş açıb. Bundan sonra obyektdə güclü yanğın başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 49 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.
Xatırladaq ki, “Poliqon” kafesinin sahibi Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyevdir.