Bu gün Biləsuvar rayonunda “Hindquşu festivalı” keçirilib.
"Qafqazinfo" xəbər verir ki, festivalda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı, Cəlilabad, Salyan, Cəbrayıl rayon İcra Hakimiyyətlərinin başçıları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, rayonun sakinləri, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak ediblər.
Festival zamanı rayonun sakinlərinə və qonaqlara hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam təqdim olunub.
Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpkili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbirin ən maraqlı hissələrindən biri olaraq təşkil olunmuş qədim toy adətlərini əks etdirən simvolik toy mərasiminin keçirilməsi qonaqların diqqətini çəkib.
Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunub, sonda isə möhtəşəm atəşfəşanlıq keçirilib.