Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılardan (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılar) çıxarılması qaydası müəyyənləşir.
Bu, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, beynəlxalq siyahılara daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:
- fiziki şəxsin və ya qurumun bu qanunda nəzərdə tutulmuş eyniləşdirmə məlumatları;
- fiziki şəxsin və ya qurumun beynəlxalq siyahıda olmasına əsas olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində qeyd edilən meyarların aradan qalxdığını göstərən məlumatlar və sənədlər (ibtidai istintaq, Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar və mənbəyi məlum olan digər məlumatlar);
- fiziki şəxs vəfat etdikdə, qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə bu barədə məlumat və sənədlər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yuxarıda nəzərdə tutulmuş müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və ya quruma verir. Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslər və qurumlar həmin siyahılardan çıxarılmaları barədə bilavasitə və ya nümayəndələri, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə sanksiya komitələri tərəfindən müəyyən edilmiş ombudsman və ya əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Vəfat etmiş fiziki şəxsin, mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmiş qurumun beynəlxalq siyahılardan çıxarılmasına dair müraciət Azərbaycan Respublikasının vətəndaşına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sanksiya komitələrinə və ya fiziki şəxsin yaxın qohumları və ya vərəsələri və ya maraqlı şəxslər tərəfindən bilavasitə sanksiya komitələri tərəfindən müəyyən edilmiş ombudsman və ya əlaqələndirici şəxsə təqdim edilir. Bu halda fiziki şəxsin ölüm faktını təsdiq edən sənədlər, onun vərəsələri, valideynləri və ya digər qanuni nümayəndələri barədə məlumatlar, habelə həmin qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi ilə bağlı sənədlər müraciətə əlavə edilir.
Beynəlxalq siyahılardan çıxarılma ilə bağlı müraciətin nümunəvi forması, müraciətə əlavə olunmalı sənədlərin siyahısı və digər izahedici qeydlər hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir.
Beynəlxalq siyahılardan çıxarılma ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilir. Müraciət edən fiziki şəxs və ya qurum beynəlxalq siyahılardan çıxarılması barədə sorğusunu əsaslandırmalı və bu qanunda nəzərdə tutulmuş əsaslara uyğun olmadığını təsdiq edən məlumatları və sənədləri təqdim etməlidir. Beynəlxalq siyahılardan çıxarılma barədə müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə təqdim edildikdə təqdim olunmuş sənədlər rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunda nəzərdə tutulan rəyi 15 iş günü ərzində verməlidir. Əlavə məlumatların alınması və beynəlxalq siyahılardan çıxarılma ilə bağlı məsləhətləşmələrin aparılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətə sorğu göndərə bilər.
Beynəlxalq siyahılardan çıxarılma barədə müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 ay müddətində baxılır, müvafiq təqdimat hazırlanır və təqdimat, təqdim olunmuş sənədlərlə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış yekun rəylə birlikdə sanksiya komitələrinə göndərilir.
Qanunda nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatındakı müvafiq məlumatların bu qanunda nəzərdə tutulmuş qaydada yenilənməsini təmin edir. Nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə qərar qəbul etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin qərar qəbul edildiyi vaxtdan 1 iş günü müddətində müvafiq müraciəti etmiş fiziki şəxsi və ya qurumu məlumatlandırır.