Azərbaycanda dələduzlar bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zəng edir.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat yayıb.
Bildirilir ki, bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.
"Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.
Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik", - ABA bildirir.