"Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir".
Senzor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
İnfeksionist bildirib ki, həmçinin, otaqların tez-tez havalandırılması və xəstə ilə, ələxsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləti olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur: "Eyni zamanda xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, geçikmədən həkimə müraciət edilməsi zəruridir. Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür".
O vurğulayıb ki, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşun pozulması əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit və s. rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır: "Bu əlamətlər xəstəliyin ağır gedişini və müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərir. Risk qruplarına daxil olan şəxslər isə qeyd edildiyi kimi baş verə biləcək hansısa bir ağırlaşmanın vaxtında aşkar olunması və müalicəsi məqsədilə xəstəliyin ilk günündən etibarən ciddi həkim nəzarəti altında olmalıdırlar. Hər birimiz qeyd olunan tövsiyələrə əməl etməklə özümüzü və yaxınlarımızı bu xəstəliklərdən, onların əlverişsiz gedişatından sığortalaya bilərik".