Azərbaycanda siyasi partiyalar üzvlərinin reyestrini aparacaq.
Senzor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Siyasi partiyalar haqqında" yeni qanunda əksini tapıb.
Qanuna əsasən, siyasi partiyanın aşağıdakı vəzifələri vardır:
1. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər normativ hüquqi aktlarına və öz nizamnaməsinə riayət etmək;
2. üzvlərinin reyestrini aparmaq;
3. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;
4. Qanunun 27-ci maddəsinə uyğun olaraq mühasibat uçotunu aparmaq, maliyyə hesabatını və maliyyə fəaliyyətinə dair əlavə məlumat və sənədləri aidiyyəti üzrə təqdim etmək;
5. fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək;
6. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməmək;
7. digər siyasi partiyanın öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
8. keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırarkən və ya asarkən Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsini təmin etmək;
9. Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının yalnız epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.