Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu sabah Bakı şəhərində dəfn olunacaq.
“Report” bildirir ki, Şəhriyar Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.
Daha sonra ailəsi ilə birlikdə Bakı şəhərinin Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş. Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.
Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.