"Dini təhsildə olan müəyyən boşluqlar aradan qaldırılmalıdır. Bunun üçün mövcud qanunvericilik bazasında bəzi dəyişikliklər də edilib".
Senzor.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, dəyişikliklə dini məbədlərdə çalışanlar sırf ölkə vətəndaşları olmalıdır: "Komitə yalnız islam dini ilə bağlı məsələlərlə məşğul olmur. Qanuna edilən düzəliş kənardan gələn hansısa dövlətin dini nümayəndəsinin burada təbliğat aparmasının qarşısını alır. Dini təhsilin yalnız Azərbaycanda alması tələbi də var. Müəyyən istisna hallar da var. Çünki ilk dövrdə kadr hazırlığında yaranan çətinliyi aradan qaldırmaq üçün ölkəmizdən xeyli sayda vətəndaşımız xaricdə təhsilə cəlb etmişdik. Bunun da öz müsbət tərəfi də olub. Yüksək səviyyəli ali təhsil müəssisəsində təhsil alan ölkəyə qayıdan vətəndaşlarımız islam dini haqqında geniş bilgiyə malik olublar. Mənfi tərəfi isə o olub ki, həmin şəxslərin bir qismi həmin ölkənin dövlət-din modelini mənimsəyib. Azərbaycana qayıtdıqda da təhsil aldığı ölkənin modelinin burada təsbit olunmasını istəyib. Hər ölkədə gördüyü dinlə bağlı tədbirləri, mərasimləri transfer etməsinə çalışıblar”.