Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.
Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.
O, 1947-ci ildə Bakı şəhərində anadan olub. A.Nemətov Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb, 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.
1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib.1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.
Bu arada Mədəniyyət Nazirliyindən bildiriblər ki, Azər Paşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.
Xalq artisti ilə vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.