Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
Senzor.az bildirir ki, bu barədə adı çəkilən orta məktəbdən məlumat verilib.
**17:57
Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.
APA xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.
Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:
"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:
“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.
Məsələ ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır.