Ötən gecə Abşeron rayonunda qətlə yetirilən qadınla bağlı bəzi təfərrüatlar məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində baş verib. Mayın 7-nə keçən gecə saat 00 radələrində Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Bildirilir ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.
Hadisəni törədən M.Gündüz saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin hansı zəmində, hansı şəraitdə və nə səbəbə baş verməsi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.
**09:42
Mayın 7-də saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Senzor.az-a bildirilib ki, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.