Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Coşqun Aslanov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, üzərindən marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah gizlətməsi də məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Arxein Məmmədov və Ruslan Süleymanzadə saxlanılıb. Şübhəli şəxslərin üzərlərindən müvafiq olaraq heroin və marixuana aşkar olunaraq götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.