Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “VAZ 2106” markalı avtomobildə saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış, ümumilikdə, 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan çox marixuana aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq hərəkətləri davam etdirilir.