Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” dərslik layihələri üzrə işlər davam etdirilir.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, həmin dərsliklərin tam orta təhsil pilləsi üzrə seçiləcək pilot məktəblərdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə tədrisi planlaşdırılır.
"Bununla yanaşı, 2021-ci il Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşündə qəbul edilmiş "Türk Dünyası 2040 Vizyonu" sənədində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında daha yaxşı əlaqə yaradılması məqsədilə Ortaq türk əlifbasının hazırlanması hədəf seçilib. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin, eləcə də Azərbaycanın sahə üzrə mütəxəssisləri (Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Azərbaycan Respublikasının Təhsil İntitutunun əməkdaşları) cəlb edilməklə Ortaq türk əlifbasının hazırlanmasına dair ilkin araşdırmalar və işlər həyata keçirilir" - deyə cavabda qeyd olunub.