Bakıda modeli Razi Əliyevanı döyməkdə şübhəli bilinən şəxs həbs edilib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaş Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb. Araşdırmalarla məlum olub ki, Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən və anasına məxsus olan mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyib, ictimai qaydanı kobud surətdə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da sosial şəbəkə səhifələrində yayıb. Z.Hüseynzadə isə instaqram hesabında paylaşım edərək R.Əliyevanın dediklərini şər-böhtan adlandırıb.