Ötən gecə Kürdəmir rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, 55 yaşlı Cümşüd İslamov saat 23 radələrində Kürdəmir Mərkəzi Xəstəxanasının qarşısında – “69-cu məhəllə” adlanan ərazidə dostu, 46 yaşlı Müşfiq Məmmədovu güllələyib.
“Makarov” tipli tapançadan açılmış atəşlə 3 güllə xəsarəti alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. C.İslamov saxlanılıb.
Saytın əldə etdiyi məlumata görə, hadisə dostlar zarafatlaşarkən işlədilmiş söyüşə görə baş verib. Belə ki, əvvəllər quldurluq, adam oğurluğu kimi cinayətlərə görə məhkum edilmiş və kriminal dairələrdə “Cümü” ləqəbi ilə tanınan C.İslamov 3 gün əvvəl Müşfiqlə telefonla danışarkən aralarında anlaşılmazlıq olub. Cümşüd dostuna görüşərik, “həmin sözü üzümə deyərsən”, deyib. Bakı şəhərində yaşayan M.Məmmədov isə iyunun 11-də Mingəçevirdə oğlunun magistratura imtahanının olduğunu və iyunun 10-da Kürdəmirə gələcəyini deyib.
Ötən gün axşam saat 23 radələrində onlar M.Məmmədova məxsus evin yaxınlığında görüşüblər. M.Məmmədov oğluna maşında gözləməsini deyib və bir qədər kənara çəkilərək dostu C.İslamovla söhbət etməyə başlayıb. Bu zaman ardıcıl atəş səsləri eşidilib. Maşından düşərək hadisə yerinə qaçan M.Məmmədovun oğlu atasının güllə xəsarətləri aldığını görüb. O, dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, vəfat edib.
Bildirilir ki, C.İslamov həbsdə olduğu müddətdə M.Məmmədov ona və digər dostlarına daim dəstək verirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Fotoda: Qətlə yetirilən Müşfiq Məmmədov
**01:36
İyunun 10-da saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Senzor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.
Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.