Türkiyənin Kastamonu Universitetinin 82 yaşlı məzunu Hamdi Balkaş səhhətində olan problemə rəğmən məzuniyyət mərasimində iştirak edib.
“Anadolu” agentliyi xəbər verir ki, Kastamonu Universitetinin incəsənət fakültəsini bitirən ən yaşlı məzun bundan əvvəl orta məktəbdə biologiya müəllimi olub.
Balkaş bildirib ki, rəssamlıq sənətinə olan böyük marağı onu ikinci ali təhsil almağa sövq edib. O, 2018-ci ildə universitetə daxil olub və imtahanlarda yüksək bal toplayıb. Səhhətində yaranan ciddi problemlər və üç dəfə cərrahiyyə əməliyyatı keçirməsi ağsaqqal tələbəni təhsildən yayındıra bilməyib və o, buraxılış imtahanında tələbələr arasında üçüncü nəticə göstərib.
Universiteti bitirən digər məzun – ictimai elmlər fakültəsinin fəlsəfə bölümündə təhsil alan Fatma Gül Çohadarın isə 61 yaşı var. Bu qadın bildirib ki, gənclik illərində təhsil almaq imkanı olmayıb və 56 yaşında ali təhsil almağa qərar verib. Fatma xanım gənclərə tövsiyə edib ki, həyatlarının ən gözəl və enerjili illərini təhsilə sərf etsinlər. O, eyni zamanda, oxumağın heç vaxt gec olmadığını da deyib. Təqaüdçü məzun bildirib ki, o, magistr təhsili almağı da planlaşdırır.