Bu gün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təşkilat şöbəsinin müdir müavini Elxan Əliyevi saxlayıblar.
AXCP-dən Turan-a bildiriblər ki, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Partiyada hesab edirlər ki, E.Əliyev siyasi fəaliyyətlə bağlı təqib olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Elxan Əliyevin saxlandığını təsdiqləyib.
Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Elxan Əliyev (1982-ci ildə anadan olub) , Yusif Əliyev (1982-ci il ) və Vəfadar Axundov (1970-ci il) vətəndaşın etibarından sui istifadə edərək Nardaran qəsəbəsində saxta sənədlərlə 0,14 ha torpaq sahəsini 57000 manata satıblar.
Daxil olan müraciət əsasında polis əməkdaşları bu üç nəfəri saxlayıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə cinayət işi başlanılıb.
Onlar saxlanılıb və şübhəli qismində istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Elxan Əliyev sosial şəbəkələrdə paylaşdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.
Qeyd edək ki, Elxan Əliyev saxlanmadan öncə Facebook-da video yayıb ki, bir neçə gündür ki, tanımadığı bir adam ona bağ evi almaqda kömək etməyi xahiş edir.
E.Əliyev keçmişdə rieltor fəaliyyətilə məşğul olsa da, son vaxtlar bu sahədə işini dayandırıb.
Buna baxmayaraq, E.Əliyev ona müraciət edən şəxsə bir neçə ev göstərib.
"O, məndən əl çəkmir. On gündür ki, ona bir ev və ya bağ tapmağımı xahiş edir. Bu gün də ona ev göstərdim, amma bu variantı da bəyənmədi. Bütün bunlar məndə şübhə doğurur. İndi onunla görüşə gedirəm, bilmirəm,bu, hakimiyyətin təxribatıdır, yaxud başqa bir şeydir", - E.Əliyev bildirib...