İyulun 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən Senzor.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin İmdad Adıgözəl oğlu Abasov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.