Tarif (Qiymət) Şurası daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Senzor.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, qərarla Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri təsdiq edilib.
Əvəzində Şuranın "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 4 yanvar 2021-ci il tarixli qərarı ləğv edilib.
Bu qərar avqustun 14-dən qüvvəyə minir.
Tarif Şurasının iclasında dövlətin sosial siyasətinə uyğun olaraq, tariflər tənzimlənərkən sosialyönümlülük nəzərə alınaraq, iqtisadi əlverişlilik və xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.
Tənzimləmələrdə əsas istiqamətlər:
- Şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqına 50% güzəşt tətbiq edilir.
- İşğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektləri üzrə xidmət haqqına 50% güzəşt tətbiq olunur.
- Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı tədbirləri çərçivəsində edilən güzəştlər çərçivəsində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə tariflərdə 75-86% azalma tətbiq edilir.
- Kiçik və orta biznesin dəstəklənməsi baxımından sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tarifləri azaldılıb.
- İqtisadi fəaliyyətin canlanmasına əlavə stimul yaranır: yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər orta hesabla 5,2% azalır.
- Aqrar sahənin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə tariflər orta hesabla 73% azaldılıb.
- Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər 46-49% azaldılır.
- Xidmətin keyfiyyətinin və çevikliyinin artırılması üçün daşınmaz əmlakın dövlət reyestrindən məlumatların yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı 30 manatdan 36 manatadək məbləğdə müəyyən edilib.
- Ümumilikdə, daşınmaz əmlakla bağlı tariflərin sayı 79-dan 60-a endirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb.
Xidmət tariflərinin optimallaşdırılması:
- Tariflərin sayı 79-dan 60-a endirilib, xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Tarif (qiymət) Şurasının qərarına əsasən, qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib.
Tətbiq olunacaq güzəştlər:
- Şəhid ailəsinin üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 50% güzəşt tətbiq edilir.
- İşğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə hesablanmış xidmət haqqı məbləğlərinə 50% güzəşt tətbiq edilir.
- Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmət istifadəçilərinin xərcləri orta hesabla 5,2% azalacaqdır. Bu isə, sahibkarlığın inkişafına, iqtisadi fəaliyyətin daha da canlanmasına əlavə stimul verəcək.
- Aqrar sahənin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə tariflərdə orta hesabla 73% azalma olacaqdır. Kənd təsərrüfatı təyinatlı torpaqların qeydiyyat tarifləri sahə 5 hektaradək olduqda 100 manat, 5 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 10 manat təşkil edir.
- Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı üçün güzəşt tətbiq olunur. Belə ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları üzrə yerləşdiyi zonadan asılı olaraq hər hektara görə xidmət haqqı 75-86% azaldılıb. Bu torpaqların sahəsi 1 hektaradək olduqda 500 manat, 1 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 100 manat xidmət haqqı hesablanır.
- Kiçik və orta biznesin dəstəklənməsi baxımından 1000 kv.m-ə qədər olan əmlakların tarifləri azaldılıb. 1000 kv.m-ə qədər olan qeyri-yaşayış sahələri üzrə (bina, tikili, qurğular və onların tərkib hissələri) tariflərdə əmlakın yerindən və sahəsindən asılı olaraq 1-8% azalma tətbiq edilib.
Yaşayış fondu üzrə tariflər:
- Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kv.m üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılıb. İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Bu tənzimləmə ilkin mənzil bazarının canlanmasına töhfə verəcək.
- Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kv.m-dən çox olduqda isə hər əlavə 1 kv.m üçün anoloji olaraq 0,40, 0,32 və 0,30 manat əlavə edilir.
- Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə, hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib.
- Daşınmaz əmlakın bütün qeydiyyat əməliyyatlarında dövlət reyestrindən məlumatların yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı qeyri-yaşayış təyinatlı obyektlər üçün dəyişdirilmədən 120 manat məbləğındə saxlanılıb, yaşayış təyinatlı əmlaklar üçün 30 manatdan 36 manata qədər olmaqla müəyyən edilib.
- Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə xidmət haqqı tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30 manatdan az olmamaqla hesablanır.
- Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi tarifi 120 manat olaraq təsdiq edilmişdir. Mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 0,3 əmsal tətbiq olunur.
- Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə) 10 manat xidmət haqqı tətbiq olunur.
Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri:
- Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 5 manat;
- Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat;
- Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə tariflər 50 manat olmaqla müəyyənləşdirilib.
- Daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə tariflər:
- Tarif (qiymət) Şurasının iclasında daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tariflər təsdiq edilib. Bunlar torpaq tədqiqatlarının aparılması, xəritələşdirilməsi və sifarişçiyə təqdim edilməsi, texniki kadastr və yerquruluşu məlumatlarının və sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, sxematik ünvan planlarının tərtibi və sairdir.