2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı məlum olub.
Senzor.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Norveç yazıçısı Yun Fosseyə verilib.
O bu mükafata "səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə” layiq görülüb.
Qeyd edək ki, Yun Fosse 1959-cu ilin 29 sentyabrında Norveçdə anadan olub. Uşaq yaşlarında ölümcül qəza keçirən Fosse bu qəzadan təsirlənərək yetkinlik yaşında sözügedən motivdə yazılar yazıb. Müəllifin əsərləri 40-dan çox dilə tərcümə edilib. Yaradıcılığında şeir, hekayə, roman, esse və pyeslər önə çıxır. 2011-ci ildən Fosse Norveç dövlətinə məxsus olan və Oslo şəhərinin mərkəzində Kral Sarayının ərazisində yerləşən Qrotten fəxri iqamətgahı ilə təltif edilib.
2022-ci ilin aprelində yazıçının romanı Damion Searls tərəfindən ingilis dilinə tərcümə edilib və “Yeni Ad: Septologiya VI-VII” romanı Beynəlxalq Buker Mükafatının qısa siyahıya düşüb. Yun Fosse həmçinin bədii tərcümə ilə də məşğuldur.
Xatırladaq ki, mükafatın ötənilki qalibi fransalı yazıçı Anni Erno olub.