Paytaxtda Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı baş tutub.
Senzor.az xəbər verir ki, "Winter Park Plaza"da keçirilən açılış mərasimində rəsmi şəxslər, o cümlədən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov iştirak edib.
O, jurnalistlərə Bakı Təşəbbüs Qrupunun vəzifələri və məqsədi barədə məlumat verib.
Açılış mərasiminə yerli və xarici qonaqlar da qatılıblar.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, Bakı Təşəbbüs Qrupu cari il sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.
Oktyabrın 20-də isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilib. Konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.