Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tanınmış alimin həlak olduğu yol qəzası barədə məlumat yayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
Məlumata görə, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Kliniki Tibbi Mərkəz də KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı ilə baş verən yol qəzası barədə məlumat yayıb.
Məlumatda deyilir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.
**12:14
Bakıda tanınmış alim yol qəzasında həlak olub.
Yerli KİV xəbər verir ki, professor Arif Acaloğlu yol qəzasında həlak olub.
Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.
Azər Maqsudovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.