FİFA prezidenti Canni İnfantino Türkiyə Superliqasının "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyib.
APA xəbər verir ki, matçdan sonra ev sahibi komandanın prezidenti Faruk Kocanın hakim Halil Umut Melərə qarşı yumruqlu hücumuna dünya səviyyəsində reaksiyalar davam edir.
Prezident İnfantino açıqlamasında hücumun qəbuledilməz olduğunu ifadə edib:
"Futbolda, meydanda və ya kənarda şiddətə yer yoxdur. "Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra baş verənlər qəbuledilməzdir. Bu cür hərəkətlərin idmanda və cəmiyyətdə yeri yoxdur”
"Hakimlər olmadan futbol olmaz" deyən İnfantino, hakimlərin, oyunçuların, azarkeşlərin və texniki heyətin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb:
"Onlar bu oyundan həzz almalıdırlar. Mən aidiyyatı qurumları bunun həyata keçirilməsini və bu insanlara bütün səviyyələrdə hörmət edilməsini təmin etməyə çağırıram."
Qeyd edək ki, Türkiyə Superliqasının dünən axşam oynanılan “Ankaragücü” - “Rizəspor” (1:1) matçından sonra qarşılaşmanın baş hakimi Halil Umut Meler ev sahibi komandanın prezidenti Faruk Kocanın hücumuna məruz qalıb. Prezidentin yumruqla vurduğu referi yerə yıxılıb. Bu zaman ətrafdakılar hakimi yerdə təpikləməyə başlayıblar.
**13:41
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.
Yerli KİV xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya 37 yaşlı referini ziyarət edib.
R.T.Ərdoğan ədalət təmsilçisinin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
**12:01
Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti saxlanılıb.
NTV xəbər verir ki, klubun prezidenti Faruk Koca da daxil olmaqla 3 nəfər tutulub.
Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.