Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Senzor.az-a bildirilib ki, sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib və fakt öz təsdiqini tapıb.
Fuad Məmmədov və Roman Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.
Bundan başqa, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərdə qanunla qadağan edilməsinə baxmayaraq konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.