Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.
APA-nın məlumatına görə, Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan Vəkil Bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub. Ailədə 2 qardaş, bir bacıdılar. Zaur ailənin kiçik övladı olub. O, Hacıqabul şəhərində qeydiyyatda idi.
Qardaşı Seymur Məmmədov bildirib ki, dekabrın 31-də atası onunla telefonla danışıb. Deyib ki, bayramdı, gəl onu bir yerdə keçirək. Zaur da cavabında deyib ki, dekabrın 31-də yox, yanvarın 1-də gələcək: “Yəni onu yanvarın 1-də gözləyirdik. Elə yanvarın 1-də də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.
İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun heç kimə borclu olmadığını da vurğulayıb. Mərhumun heç istəklisi də yox imiş...
Xatırladaq ki, yanvarın 1-də saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının yanı) vəkil Zaur Məmmədov üzərinə tezalışan maddə tökərək özünü yandırıb. O, hadisə yerində ölüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə jurnalistlərə bildirib ki, Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə problemi olmayıb: "Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq".