Fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Sevinc İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Nərimanov Rayon Prokurorluğuna istinadən bildirir ki, aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
**18:34
Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib, sözügedən ərazidə küçələrin birində Sevinc Rəfail qızı İbrahimova qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı - 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.