ABŞ dövlət katibi Entoni Blinken rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib.
"Independent" xəbər verir ki, Blinken Münxendə jurnalistlərə açıqlamasına bildirib ki, Rusiya antikorrupsiya aktivistini “təqib edib, zəhərləyib və həbs edib”.
“Buna görə Rusiya məsuliyyət daşıyır”, - Blinken vurğulayıb.
Böyük Britaniya Baş naziri Rişi Sunak isə Navalnının ölümünün dəhşətli xəbər olduğunu deyib.
"Rusiya demokratiyasının ən şiddətli müdafiəçisi kimi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət nümayiş etdirdi", - Sunak qeyd edib.
**16:16
Aleksey Navalnı qan laxtalanmasından (tromb) vəfat edib.
Bu barədə RT mənbələrə istinadən məlumat yayıb.
"Baza"nın xəbərinə görə, Navalnının vəziyyəti bu gün saat 13:00 radələrində pisləşib. Onun üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, Navalnı saat 14:17-də vəfat edib.
**15:38
Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.
Bu barədə TASS məlumat yayıb.
Hazırda onun ölüm səbəbləri araşdırılır.
Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər:
"Hadisə yerinə dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri tibbi yardım tədbirlər aparılıb, lakin bu müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır".
Xatırladaq ki, Aleksey Navalnının 47 yaşı var idi.
Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəzaçəkmə kamerasına göndərilib.