İkinci Qarabağ müharibəsi zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı hərbi müxbir Andrey Kots Moskvada narkotik vasitə olan marixuana ilə saxlanılıb.
APA xəbər verir ki, “RİA Novosti“nin jurnalisti Andrey Kots fevralın 10-na keçən gecə saxlanılıb. Polis əməkdaşları Kotsu Dekabristov küçəsində saxlayıb. Jurnalist nəzərəçarpacaq dərəcədə özünü əsəbi aparıb. Polis onun üzərində axtarış aparmağa qərar verib.
“RİA Novosti” əməkdaşının üzərində naməlum maddə olan bağlama aşkar edilib
Daha sonra müayinə zamanı onun 2 qram ağırlığında marixuana olduğunu məlum olub.
Rusiya mətbuatı hərbi müxbirin özünün cinayət işi ilə üzləşməsi ehtimalının az olduğunu yazıb. Belə ki, onun üzərindən aşkar olunan narkotik vasitəsinin çəkisi çox az olub. Lakin müstəntiqlər Andrey Kotsa marixuana satan naməlum şəxsə qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açmağa hazırlaşırlar.
Qeyd edək ki, Kots qardaşları Andrey Kots "RİA Novosti" agentliyini, qardaşı Aleksandr Kots isə "Komsomolskaya Pravda" qəzetinin hərbi müxbiri kimi) İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasında hərbi jurnalist kimi fəaliyyət göstəriblər.