Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir.
Senzor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib.
Onun sözlərinə görə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək:
"Elektron Resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Dərman vasitələrinin daim yenilənən reyestri isə ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman vasitələrini kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısını alacaq.
Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron Resept” sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə “Reseptim” mobil əlavəsini İOS və Android tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür".
O qeyd edib ki, “Elektron resept” sistemi mövcud qanunvericiliyə əsasən yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib".