Martın 8-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Muxtar respublika Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Nizami Nəcəfov çıxış ediblər. Əməkdaşlar əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edib, onlara sağlamlıq, ailə səadəti və qadın xoşbəxtliyi arzulayıblar.
Sonra qadın məhkumlara hədiyyələr verilib.
Tədbir çay süfrəsi arxasında davam edib. Ədliyyə Nazirliyinin əməkdaşları məhkumlarla səmimi söhbət aparıblar.
Tədbirin bədii hissəsində məhkumlar musiqi sədaları fonunda xoş dəqiqələr keçirib, tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkum qadınlara yaxınları ilə əlavə görüş və uzadılmış telefon danışıqlarına icazə verilib.