Jurnalist və müəllimlə bağlı videoya reaksiyalar: “...HÖRMƏTSİZLİKDİR!”; “NAZİRLİYƏ AİDİYYƏTİ YOXDUR...”
“SSENARİ MƏNİMDİR, MƏSULİYYƏTİNİ DƏ MƏN DAŞIYIRAM...”

“Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu”.

 

Senzor.az bildirir ki, bunu sosial şəbəkə hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.

 

Bu gün sosial şəbəkələrdə yayılan və böyük müzakirələrə səbəb olan həmin videoya münasibət bildirən Rəşad Məcid qeyd edib ki, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir: “Bu sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi, durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir. Yayılmış videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafiəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır”. 

Şuranın sədri videodakı dialoqla bağlı da fikirlərini bildirib: “Müəllimin olduqca aqressiv və qəddar bir tonda jurnalisti imla yaza bilməməklə hədələməsinə, əlbəttə, bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistikaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar. 

 

Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq”. 

Elm və Təhsil Nazirıliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntünün bu qurumla heç bir əlaqəsi yoxdur.

 

Haqqında söhbət gedən serialın ssenari müəllifi, yazıçı-jurnalist Qan Turalı isə bildirib ki, bu, televiziyada yayımlanan “Gündəlik” serialından bir kadrdır: “Bu serialın ssenarisi mənə məxsusdur. Bu ssenari nə Elm və Təhsil Nazirliyinin sifarişi əsasında yazılıb, nə də bu işdən nazirliyin xəbəri var. Bu mənim yaradıcılığımın məhsuludur və məsuliyyətini də mən daşıyıram. 

Məlumdur ki, hər hansı bir əsərin bir yerindən, bir səhifəsindən bir parça qoparsaq və onu təqdim etsək, bu, insanlarda onun ideya və mahiyyəti ilə bağlı yanlış təəssürat yarada bilər. Çünki hər bir əsər bütövdür. Bu mənada o səhnənin Azərbaycan jurnalistikasının təhqir olunması kimi qəbul etmək düzgün deyil. Hər şeydən öncə ona görə ki, mənim də daxil olduğum Azərbaycan jurnalistikasının simasında çoxlu sayda ləyaqətli, namuslu insanlar çalışır. Elə sözügedən serialda da Azərbaycan jurnalistlərinin fədakar əməyi, xalqın həssas problemlərinə diqqəti, qayğısı, onlar uğrunda necə mübarizə aparması aydın şəkildə təsvir olunur. Əgər insanlar seriala baxsalar, gerçəkliyi olduğu kimi başa düşə biləcəklər. Serialdan qopardılmış hansısa bir səhnə ilə fərqli təəssürat yaratmağa çalışmaq doğru deyil”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.