Aprelin 20-də axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
**23:57 (20.04.2024)
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində batmış şəxsin meyiti tapılıb.
Senzor.az bildirir ki, 2011-ci il təvəllüdlü İ.Ə-nin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
**18:03
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
Senzor.az xəbər verir ki, 2011-ci il təvəllüdlü İ.Ə. ehtiyatsızlıqdan kanala yıxılıb.
Onun axtarışları davam etdirilir.
**17:58
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri alınan məlumatla əlaqədar dərhal əraziyə cəlb edilib.