Bakıda ayıq sürücü müştərinin “Land Rover RR Sport” markalı avtomobilindən oğurluq edib.
“Qaynarinfo”nun məlumatına görə, hadisə ilk dəfə Xətai rayonu, Sabit Orucov 1188 ünvanında yerləşən restoranlardan birinin qarşısında baş verib.
Belə ki, 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Cavid Nərimanov (ad-soyad şərtidir) 15 oktyabr 2023-cü il tarixində, saat 00:32 radələrində sözügedən restorana içkili müştərinin avtomobilini idarə edilməsi üçün çağırılıb.
“Land Rover RR Sport” markalı avtomobillə üç nəfər müştərini Səbail rayonu, Badamdar qəsəbəsinə aparıb. Yolda avtomobilin sahibinin içkili olduğunu bilən Cavid Nərimanov pul qabına əlini ataraq bir ovuc pulu götürüb. Müştəriləri düşürdükdən sonra pulu cibinə qoyub və dərhal yaşadığı ünvana gedib. Evində bilib ki, müştəridən 650 manat pul oğurlayıb.
Polis tərəfindən saxlanılan ayıq sürücü barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Şikayətçi də onu bağışladığını bildirib.
Məhkəmənin qərarı ilə Cavid Nərimanov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.