Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP29 Təşkilat Komitəsinin üzvü, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən məlumata görə, Mərkəzdə keçirilən görüşdə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev də iştirak edib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Məmmədova qonaqlara Mərkəzin fəaliyyəti və burada aparılan işlər barədə məlumat verib.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsas məqsədi həssas kateqoriyalara daxil olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və inkişafına dəstək göstərməkdir. Bu məqsədlə Mərkəzdə müxtəlif layihələr həyata keçirilir. Həmçinin Mərəzin benefisiarlarının ölkəmizdə keçirilən mühüm tədbirlərlə bağlı məlumatlılığını təmin etmək üçün də işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a hazırlıq ərəfəsində həssas qruplardan olan şəxslərin iştirakı ilə həyata keçirilən layihələrdən bəhs olunub.
Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi təqdim olunub. Təşkilat komitəsinin üzvləri benefisiarlar və təlimçilərin istifadəyə yararlı olmayan, eko və bio materiallardan ərsəyə gətirdikləri müxtəlif növ sənət nümunələrinə maraqla baxıblar.
COP29 təşkilat komitəsinin üzvləri təlim studiyalarında yaradıcılıq prosesi ilə də yaxından tanış olub, təlimçilərin və benefisiarların səhnədəki məşqlərini izləyiblər.
Qonaqlara Mərkəzin beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlar, Mərkəz üzvlərinin əl işlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, Mərkəzin “DOST EVİ” filialının fəaliyyəti barədə məlumat verilib. COP29 təşkilat komitəsinin üzvləri inklüziv inkişaf sahəsində ölkəmizin təcrübəsinin digər ölkələr üçün maraqlı ola biləcəyini qeyd ediblər.
Görüşdə inklüziv inkişafa dəstək sahəsində Azərbaycanın əldə etdiyi uğurların təbliği, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin beynəlxalq müstəvidə tanıdılması və əməkdaşlıq imkanları müzakirə olunub.