Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti iştirak etməyib.
Zərərçəkən şəxs Nurəddin Cəlilovun nümayəndəsi vəsatət verərək Ağadadaş Ağayevin həbs edilməsini tələb edib. Hakim vəsatəti təmin etməyib.
Növbəti proses noyabrın 14-də keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov buna cavab olaraq Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadına – Nəzakət Paşayevaya dəyərək xəsarət yetirib.
A.Ağayev azadlıqdadır. Onun barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi “Medera Hospital”ın təmizlikçisi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov isə zərərçəkmiş qismində tanınıblar.
Xatırladaq ki, Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.