Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Senzor.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü - 1993-cü il təvəllüdlü Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov müəyyən edilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Həsənağa Məmmədov tanınmış aktyordur və Azərbaycanda istehsal edilən bir çox serial və filmdə iştirak edib. O, əsasən Həsən Ağa adı ilə tanınır.