Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Saatlı rayonundakı qətllə bağlı birgə məlumat yayıblar.
Senzor.az bildirir ki, məlumata görə, Saatlı rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.
Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulublar.
Məlumatda həmçinin bildirilir ki, bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
**11:59
Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalından tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, M.Seyidovun qonşuları — 1980-ci il təvəllüdlü Elşad Elburus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib. Qonşular arasında daha əvvəldən ədavət olduğu bildirilir.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.