"Şəxsimə və ailəmə qarşı qeyri‑etik ifadələr səsləndirilib, heç kəsə çaynik atmamışam".
Bunu Oxu.az‑a açıqlamasında Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndinin deputatı Ceyhun Çovdarov deyib.
Onun sözlərinə görə, Gürcüstanda Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki "Mərasim evi"ndə keçirilən tədbirdə ona qarşı təxribat hazırlanıb: "Tədbirin məqsədi kənddəki problemlərin müzakirəsi olsa da, heç bir konkret problem açıqlaya bilmədilər. Kənddə içməli su və yolla bağlı məsələlər var. Lakin içməli su ilə bağlı işlərin 90 faizi artıq yekunlaşıb. Növbəti mərhələdə yolların təmirinə başlanılacaq. Bundan əlavə kənddə məktəb, uşaq bağçası, stadionlar və işıq təsərrüfatı ilə bağlı işlər də görülüb. Mən onlardan soruşdum ki, həll etdiklərimizdən başqa hansı problemlərimiz var? Cavab verən olmadı. Orada toplaşan insanlara da müraciət etdik, hansı məsələlərin cavabsız qaldığını soruşduq. Yenə heç bir cavab vermədilər".
Deputat əlavə edib ki, tədbirdə iştirak edən Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhliman Babakişiyev və Nurəddin İsmayılov müxalifyönlü şəxslərdir: "Onlar mənə qarşı təxribat törətdilər. Kəndin problemlərindən danışmır, digər sakinlərin də fikirlərini səsləndirməsinə imkan vermirdilər. Şəxsim və ailəm barədə təhqiramiz ifadələr işlədirdilər. Sözlü qarşıdurma zamanı əlimi masaya çırpmışam, amma heç kəsə çaynik atmamışam".
C. Çovdarov bildirib ki, hadisə zamanı Nurəddin İsmayılovun qardaşı İlqar İsmayılov ona xəsarət yetirib və bu səbəbdən hüquq‑mühafizə orqanlarına müraciət edib.
**10:00
Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.
Aktual.ge xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.
Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilmir və kəndin qeydinə qalmır.
Görüşə qatılan Qızılhacılı deputatı C. Çovdarov və mer nümayəndəsi S. Talıbov onlara qarşı Ə. Babakişiyevin dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıblar.
Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. O isə cavab olaraq masadakı çayniki həmin şəxsə atıb.
Daha ətraflı “Qafqazinfo”ya istinadən təqdim etdiyimiz videomaterialda: