
ABŞ Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına Ukrayna dronları ilə hücum edilməsi barədə mövcud kəşfiyyat məlumatlarını araşdırmaq niyyətindədir.
Bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker "Fox Business" telekanalına müsahibəsində deyib.
"Biz kəşfiyyat məlumatlarını araşdıraraq məsələnin mahiyyətini öyrənəcəyik", - o deyib.
Uitaker əlavə edib ki, Kiyevin belə bir hücumu ağılsızlıq olardı və Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərinə açıq şəkildə zərər verər.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın pilotsuz təyyarəsi ilə hücum etməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.
"Rusiyadan çox təhlükəli açıqlamalar verilib və bunlar açıq şəkildə sülhü yaxınlaşdırmaq üçün ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə işimizin bütün nailiyyətlərini sarsıtmaq məqsədi daşıyır. Görünür, Rusiya tərəfi hazırda Kiyev də daxil olmaqla, Ukraynaya davam edən zərbələr üçün özünə haqq qazandırmaq və müharibəni bitirmək üçün lazımi addımlardan imtina etmək məqsədilə saxta bir hekayə uydurub", - Ukrayna lideri Teleqram kanalında yazıb.