
Azərbaycanın pravoslav xristianları ən vacib dini bayramlardan birini - Pasxanı qeyd edirlər.
Senzor.az bildirir ki, şənbə günündən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa ayinləri keçirilib.
Bayram mərasimi Bakıdakı “Müqəddəs Jen-Mironosits” Kafedral Kilsəsində keçirilib.
Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində deyib: “Biz, Azərbaycanın pravoslav xristianları Pasxa bayramını qeyd edir və ölkəmizin bütün xeyirxah insanlarını bu böyük bayram münasibətilə təbrik edirik. Multikulturalizm və tolerantlıq ideyaları ilə dolub-daşan cəmiyyətimiz həmişə müxtəlif millətlərdən və dinlərdən olan bütün insanları birləşdirir”.
Xatırladaq ki, Pasxa xristianlıqda ən qədim və əhəmiyyətli bayramlardan biridir və İsa Məsihin dirilməsinin sevincini simvolizə edir. Bu il pravoslav təqviminə görə, müqəddəs Pasxa günü aprelin 12-də qeyd olunur. Ənənəvi olaraq, bayramdan əvvəlki son cümə axşamı möminlər kuliç bişirir, axşam isə pasxa hazırlayırlar. Şənbə günü bu şirniyyatlar xeyir-dua üçün kilsəyə gətirilir, şənbə günündən bazar gününə keçən gecə isə onlar xaç yürüşündə - Pasxa bayramının başlanğıcını və Məsihin dirilməsi bayramını qeyd edən bir mərasimdə iştirak edirlər.
Məsihin “Nurlu dirilməsi” məqamında Pasxa süfrəsi ətrafında toplaşmaq, pasxa və kuliç paylaşmaq, yumurta döyüşdürmək və bir-birlərini “Məsih dirildi!” sözləri ilə salamlamaq adətdir.




