
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb.
Senzor.az bildirir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə 25 iyuna təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlanması ilə əlaqədar iyunun 11-də əhaliyə müraciət etmişdi. Müraciətdə deyilirdi: “...dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Qeyd olunan tövsiyələri bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir”.
Qeyd edək ki, 2026-ci ildə Məhərrəm ayı iyulun 14-də başa çatacaq.