Zeynəb Xanlarovanın “ölümü” Türkiyə parlamentində - FOTO
SSRİ dövründə Türkiyədə konsert verən azərbaycanlı sənətçilər arasında Rəşid Behbudov və Zeynəb Xanlarova geniş rezonans yaradıblar. Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin, eləcə də İğdır, Qars bölgəsindən olan vətəndaşların bu sevgi seli hər iki müğənni haqqında mətbuatda yazıların yer almasına səbəb olub. Həmin dövrdə Zeynəb xanımla bağlı qəribə bir hadisə də yaşanıb. Belə ki 1970-ci ildə Türkiyə konsertindən sonra SSRİ xüsusi xidmət orqanlarının Zeynəb Xanlarovanı öldürməsi xəbəri yayılıb.
 
1970-ci ildə Z.Xanlarova Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərində konsert verib. “Azərbaycan” jurnalındakı xəbərə görə, mühacir azərbaycanlılar konsertlərdə geniş şəkildə iştirak ediblər. Məhz bu izdihamlı konsertlərdən sonra onun aradan götürülməsi şayiəsi Türkiyədə yayılıb, “Azərbaycan” jurnalında (271-ci say, 1970) “Səs sənətkarı Zeynəb Xanlarovanı kommunist ruslar öldürdümü?” başlıqlı xəbər dərc edilib.
 
Xəbərdə Zeynəb Xanlarovanın öldürülməsinin Türkiyə mətbuatında ajiotaj yaratdığı, İstanbul, Ankara, İzmir, Manisa, Adana, Amasya, Sivas, Ərzurum və Qars şəhərlərində böyük etirazlara səbəb olduğu, bu siyasi cinayəti SSRİ-nin hələ də yalanlamadığı bildirilib. Müğənninin sentyabr ayında baş tutacağı elan edilən konsertinin ləğv edilməsi xəbəri də sənətçinin öldürülməsi ehtimalını gücləndirib.
 
Buna görə də Türk Ocaqları Kültür Heyəti də bir bəyannamə dərc edərək hadisəni sərt şəkildə qınayıb: “Zeynəb Xanlarova türk sənət və ənənəsini Azərbaycanda təmsil edən, milli duyğu və şüuru dünyaya tanıdan böyük bir sənətkardır. Türkdür və türkçü idi. Bu inancı mahnıları və valları ilə nəsillərə ötürürdü. Sözləri, davranışları və mimikaları ilə türklük sevgisini dilə gətirir, bülbül səsi ilə ruhlara dolur və havada sallanan dəsmallar buğlanan göz yaşlarını silirdi. Sənətin təsiredici gücü açıq şəkildə görünürdü. Heç bir əsər və konfrans bu gücü göstərə bilməzdi. Şeyx Şamilə və minlərlə vətənsevər millətçiyə atılan güllələr ona da tuş gəldi. Moskva quldurları, qırmızı cəlladlar onu da qətl etdilər. Ömrünün bahar çağında idi, günahı türk olmaq, öz varlığına bağlı qalmaqdı... Heç bir zaman unutmamalıyıq ki, bu məlun mərmilərin hədəfi bütövlükdə türk dünyasıdır”.
 
Böyük qalmaqal yarandığı üçün Qars senatoru Mehmed Hazer 9 iyul 1970-ci ildə Türkiyə Xarici İşlər naziri İhsan Səbri Çağlayan ilə bu sorğunu göndərib: “Bundan bir müddət əvvəl yurdumuza gələn, qatarla dönüşündə Qarsda simpatiya ilə qarşılanıb yola salınan, Ankara və İstanbulda türkcə konsertlər verən, dinləyicilərindən maraq və simpatiya topladığı öyrənilən Sovet vətəndaşı, türk əsilli Azərbaycan xalq musiqisi səs sənətkarlarından Zeynəb Xanlarovanın Rusiyaya qayıtdıqdan sonra öldürüldüyü haqqında xalq arasında həyəcan və üzüntü yaradan xəbərlər dolaşmaqdadır.
 
Bu xəbərlər son günlərdə Türkiyə mətbuatında da yer almışdır. Türkiyə ilə Rusiya arasında davam edən yaxşı qonşuluq və mədəni əlaqələr baxımından da tükürpədici belə bir halın olacağına ehtimal vermirik. Fəqət mətbuatda da yer almasına rəğmən bu mövzuda bu günə qədər hər hansı bir təkzib və ya açıqlama edilməmişdir. Bu da şayiələri qüvvətləndirməkdə və şübhələri artırmaqdadır. Türkiyə-Rusiya münasibətlərinin təməlinə təsir edəcəyi təbii olan bu vəziyyət qarşısında nə düşünüldüyünün Xarici İşlər naziri tərəfindən yazılı olaraq cavablandırılmasını rica edirəm”.
 
Xarici İşlər Nazirliyi bu sorğuya bu şəkildə cavab göndərib: “Bir müddət öncə məmləkətimizdə uğurlu konsert turuna çıxan Azərbaycan xalq musiqisi sənətçisi Zeynəb Xanlarovanın öldürülməsi haqqında mətbuatda çıxan və məmləkətimiz ilə Sovet İttifaqı arasındakı mədəni əlaqələr üzərində xoş olmayan bir hava yarada biləcək dərəcədə xəbərlə bağlı olaraq nazirliyimiz tərəfindən Sovet İttifaqının Ankara səfirliyindən məlumat istənilmişdir. Sovet İttifaqı səfirliyinin səlahiyyətliləri bəhs edilən xəbərin tamamən yalan olduğunu bildirdikdən sonra sənətçi Zeynəb Xanlarovanın sağ olduğunu və məslək həyatına uğurla davam etdiyini nazirliyimizə rəsmi şəkildə bidirmişdirlər”.
 
Türk Xəbər Agentliyi 30 sentyabrda yaydığı bülletenində də Z.Xanlarovanın öldürülməsi xəbərinin doğru olmadığını yazıb.
 
Teleqraf.com bildirir ki, Zeynəb Xanlarova Qarsda olarkən oradakı azərbaycanlılar onu coşqu ilə qarşılayıb, müxtəlif fotoşəkillər çəkdiriblər. Həmin nadir şəkilləri təqdim edirik.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.